İQTİSADİYYAT
Səkkiz ayda bir istehlakçı orta hesabla ayda 544,6 manat xərcləyib
Bakı, 14 sentyabr, AZƏRTAC
2023-cü ilin yanvar-avqust aylarında istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 44,2 milyard manat olmaqla, ötən ilin yanvar-avqust aylarına nisbətən müqayisəli qiymətlərlə 5,4 faiz artıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 2022-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 5,2 faiz artaraq 42,5 milyard manata bərabər olub, onun 46,3 faizi fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.
Hesabat dövründə bir istehlakçı orta hesabla ayda 544,6 manat və ya 2022-ci ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 80,4 manat çox vəsait xərcləyib.