İQTİSADİYYAT
Sel suları 35 kilovoltluq hava xətti üçün təhlükə yaradıb
Bakı, 13 may, AZƏRTAC
Ölkə ərazisində müşahidə edilən qeyri-sabit hava şəraiti ilə əlaqədar “Azərişıq” ASC gücləndirilmiş iş rejimini davam etdirir.
ASC-dən AZƏRTAC-a bildirilib ki, Quba rayonunda 35 kilovoltluq “Təngaltı” və “Ulduz- 2” hava veriliş xətləri keçən ərazidə sel sularının artması nəticəsində çay öz vadisindən çıxıb elektrik dayağının fundamentini yumaq təhlükəsi ilə üzləşib. Operativ olaraq əraziyə cəlb olunan texnikanın köməyi ilə çayın məcrası dəyişdirilib və qəzanın qarşısı alınıb. Mövcud hava şəraiti ilə əlaqədar ərazilərə əlavə mal-material və texnika ayrılıb. Qərb rayonlarında və “Mərkəzi Aran” Regional Enerji Təchizatı və Satışı İdarəsinin ərazisində olan Göyçay və Ağsu rayonu ərazisində də elektrik enerjisi təsərrüfatına ciddi ziyan dəyib. Təmir-bərpa işləri davam etdirilir.