Səməd Seyidov: Azərbaycan bu gün də erməni faşizmi ilə mübarizə aparır
Bakı, 9 may, AZƏRTAC
Bütün dünya faşist Almaniyası üzərində Qələbənin 75 illiyini qeyd edir. Təəssüf ki, COVID-19 pandemiyası bu tarixi hadisənin təntənəli şəkildə qeyd edilməsinə öz təsirini göstərdi.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, psixologiya elmləri doktoru, professor Səməd Seyidov bildirib.
Səməd Seyidov deyib: “Bu əlamətdar gün münasibətilə cari il mayın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 1941-1945-ci illərdə Böyük Vətən müharibəsində iştirak etmiş azərbaycanlıların “Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi” medalı ilə təltif edilməsinə dair Sərəncam imzaladı. Bu da təsadüfi deyil. Çünki bəzi mənbələrə görə 600 000, bəzi mənbələrə görə isə 640 000 azərbaycanlı bu müharibədə öz Vətəni üçün döyüşüb. Onların yarıdan çoxu - 400 000 nəfərə yaxını geri qayıtmayıb. Onların siyahısında mənim hərbi həkim olan, könüllü cəbhəyə gedən və öz Vətəni üçün döyüşən dayım da var.
Bundan başqa, Prezident İlham Əliyevin 2020-ci il 24 aprel tarixində imzaladığı Sərəncam ilə İkinci Dünya müharibəsində Qələbənin 75-ci ildönümü ilə əlaqədar müharibə iştirakçılarından - 256 nəfərə 1500 manat, 7126 nəfərə hər birinə isə 750 manat məbləğində birdəfəlik maddi yardım verilib”.
Milli Məclisin komitə sədri bildirib ki, bu nöqteyi-nəzərdən Azərbaycanın və Azərbaycan rəhbərliyinin apardığı siyasət ölkə tarixinin bütün səhifələrinə hörmətə istiqamətlənib. Azərbaycan Xalq Cümhuriyyətinə yanaşmaya diqqət edin. O faktiki olaraq bolşeviklər tərəfindən işğal edilərək süquta yetirildi. Tariximizin bu səhifəsinə hörmətlə yanaşmamız, ən əsası özümüzü bu respublikanın xələfləri hesab etməyimizdə büruzə verir. Bu bizim ölkəmizin qızıl tarixidir. Eynilə Azərbaycanın Böyük Vətən müharibəsində iştirakı da müqəddəs tarixidir. Çünki Böyük Vətən müharibəsində qələbə, o cümlədən Azərbaycanın və Azərbaycan neftinin sayəsində əldə edilib. O zaman neft mənbəyi olaraq nə Səudiyyə Ərəbistanı, nə də Tümen mövcud deyildi. Hitler öz yüksək rütbəli zabitləri ilə birlikdə çəkildiyi videoda tortu kəsərkən, məhz Bakını və Bakı neftini əks etdirən şokolad olan hissəni götürməsi də təsadüfi deyildi. Bu baxımdan 9 May bizim üçün mühüm və əlamətdar gündür. Onun mühümlüyünün başqa bir səbəbi də var. Çünki Rusiya üçün Böyük Vətən müharibəsi başa çatıb, Azərbaycan üçün Vətən müharibəsi hələ də davam edir. Paradoks ondadır ki, Almaniya faşizmi üzərində qələbəyə öz töhfəsini verən Azərbaycan bu gün də erməni faşizmi ilə mübarizə aparır. Bu gün bizim apardığımız siyasət, iştirak etdiyimiz beynəlxalq sammit və tədbirlərdə çıxışlarımız dünyada faşizmin intibahına mane olmaqdır. Bu faşizmin bariz nümunələrindən biri Ermənistanda təbliğ edilən faşist ideyalarıdır. Bu ideyalar, sadəcə, əməllərdə əksini tapmır, hətta bu vəhşi faşizmə abidə ucaldaraq sitayiş edilir. Njde abidəsi onların Qarabağda, Xocalıda Azərbaycan xalqına qarşı etdikləri, Dağlıq Qarabağ ətrafı rayonlarda azərbaycanlılara qarşı apardıqları etnik təmizləmə faşist Almaniyasının yəhudilərə qarşı apardığı məhvetmə siyasətini təkrar edir. Bu iki faşist siyasəti arasında paralel aparmalı oluruq. Bu səbəbdən də bizim üçün Böyük Vətən müharibəsi davam edir. Ona görə də bir müddət sonra “Faşist Ermənistanı üzərində qələbə” medalının da təsis edilməsini çox istərdim.