Səmərqənddə keçirilən konfransda Azərbaycan nümayəndəsi də iştirak edib
Səmərqənd, 9 sentyabr, AZƏRTAC
Özbəkistan parlamentinin Ali Məclisi və Senatı, ölkənin Qadınlar Komitəsi, Həmkarlar İttifaqları Şurası Səmərqənd şəhərində “Vətəndaş cəmiyyətinin formalaşdırılmasında, dövlət və hökumət quruculuğunda qadınların rolu” mövzusunda konfrans keçirib.
Tədbirdə Azərbaycan, Amerika Birləşmiş Ştatları, Almaniya, İtaliya, Çin və digər ölkələrin nümayəndələri, ekspertlər iştirak ediblər.
Ölkəmizi bu tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova təmsil edib.
Konfransda qadınların ictimai-siyasi və sosial-iqtisadi sahələrdə iştirakının təmin edilməsi üzrə xarici ölkələrin təcrübəsi, qadınların və uşaqların himayəsi sahəsində dövlət proqramlarının işlənib hazırlanması və həyata keçirilməsində dövlət orqanları və vətəndaş cəmiyyətinin rolu, ana və uşaqların, həmçinin əhalinin sağlamlığının qorunması üzrə tədbirlər, qadın sahibkarlığının, ailə biznesinin inkişafı, qadınların məşğulluğu və digər mövzularda müzakirələr aparılıb.
S.Qəhrəmanova bu sahədə Azərbaycanın təcrübəsi haqqında məlumat verib. Bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2006-cı ildə Qadın Problemləri üzrə Dövlət Komitəsinin bazasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb və uğurla fəaliyyət göstərir.
S.Qəhrəmanova deyib ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu ölkədə qadınların və uşaqların sosial müdafiəsi, əhalinin rifahının yaxşılaşdırılması ilə bağlı çoxsaylı layihələr həyata keçirir və bu istiqamətdə işlər uğurla davam etdirilir.
Konfrans iştirakçıları qədim Səmərqənd şəhərinin görməli yerləri ilə də tanış olublar.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Səmərqənd