Şəmkir Rayon Mərkəzi Xəstəxanasına ayrılan büdcə vəsaitlərinin icrası üzrə audit aparılıb
Bakı, 28 mart, AZƏRTAC
Hesablama Palatasının kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, dövlət büdcəsindən Şəmkir Rayon Mərkəzi Xəstəxanasına ayrılan vəsaitlərin icrasının vəziyyəti ilə bağlı həyata keçirilmiş auditin nəticələri üzrə hesabatı müzakirə edərək təsdiqləyib.
Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, audit 2016-2018-ci illər üzrə 17 milyon 478 min manat vəsaiti əhatə edib.
Əməkhaqlarının hesablanması və ödənilməsi zamanı bir sıra normativ hüquqi sənədlərin tələbləri gözlənilməyərək tarif dərəcələrinin düzgün müəyyənləşdirilməməsi, gecə vaxtı yerinə yetirilən işə görə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əlavənin tarif maaşı əvəzinə əməkhaqqına tətbiq edilməsi nəticəsində artıq əməkhaqqı ödənilib, bir sıra işçilər işdə olduqları halda onların adına bir ildə 2-3 dəfə məzuniyyət rəsmiləşdirilərək əməkhaqqı, eyni zamanda, məzuniyyət pulu ödənilib, qismən ödənişli sosial məzuniyyətdə olan bir sıra işçilərə sosial məzuniyyətdə olduqları dövrdə əməkhaqqı hesablanıb. Həmçinin bayram günlərində iş saatları az olan və ya iş saatı olmayan işçilərə bayram günlərində yerinə yetirilmiş iş adı ilə artıq əməkhaqqı ödənilib, müvəqqəti əmək qabiliyyətini itirən bir sıra işçilərə xəstəlik müavinəti hesablanmasına baxmayaraq, həmin işçilərə eyni dövr üçün əməkhaqqı, 1 günə düşən orta əməkhaqqı məbləğinin düzgün müəyyən edilməməsi nəticəsində artıq məzuniyyət haqqı ödənilib, bir sıra işçilərə hesablanmış əməkhaqları məbləğləri azaldılaraq digər işçilərin kart hesablarına köçürülüb.
Malların (işlərin və xidmətlərin) satınalınması zamanı "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun və dövlət satınalmalarını tənzimləyən digər normativ-hüquqi aktların tələblərinə əməl edilməyib, bir sıra hallarda kotirovka sorğusunun yekun protokolları müvafiq icra hakimiyyəti orqanına təqdim edilməyib və ya gecikmə ilə təqdim edilib, ehtimal olunan qiymətlər müəyyən edilmədiyindən satın alınmış mallara (işlərə və xidmətlərə) görə artıq vəsait ödənilib, satınalma keçirilmədən, təsdiqedici sənəd olmadan vəsait xərc edilib.
Şəmkir Rayon Mərkəzi Xəstəxanası tərəfindən dövlət satınalmalarını tənzimləyən qanunvericiliyin tələbi pozularaq maliyyə vəziyyəti barədə sənədlərin və tender təklifinin təminatının alınmamasına görə müvafiq materiallar, eləcə də əməkhaqlarının hesablanması və ödənilməsi sahəsində baş vermiş ciddi maliyyə pozuntuları barədə aşkar edilmiş hüquq pozuntuları üzrə müvafiq materiallar qanunvericiliyə uyğun olaraq tədbir görülməsi məqsədilə Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.
Auditin nəticələri üzrə aşkarlanmış qanunvericiliyin pozulması halları, nöqsan və çatışmazlıqların aradan qaldırılması məqsədilə "Hesablama Palatası haqqında" Azərbaycan Respublikası Qanununun 27.6-cı maddəsinə uyğun olaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş qaydada müvafiq tədbirlərin görülməsi üçün Hesablama Palatasının kollegiya qərarının və auditor hesabatının surəti Səhiyyə Nazirliyinə, Şəmkir Rayon İcra Hakimiyyətinə və Şəmkir Rayon Mərkəzi Xəstəxanasına göndərilib.
Auditin nəticələri ilə bağlı Milli Məclisə məlumat verilib.