Şəmkirdə su qurğularını oğurlayan şəxslər saxlanılıb
Şəmkir, 31 yanvar, Rauf Hacıyev, AZƏRTAC
Şəmkir rayonunun Əliyaqublu kəndində yaşayan əhalini su ilə təmin edən qurğuların oğurlanması hallarının qarşısının alınması və bu cinayətləri törədən şəxslərin ifşa edilməsi istiqamətində Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbiri həyata keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, kənd ərazisində təsərrüfat sahələrində quraşdırılan su nasoslarını oğurlamaqda şübhəli bilinən Əliyaqublu kənd sakini Elnur Quliyev və həmkəndlisi Eynur Səlimov saxlanılıb.
Saxlanılan şəxslər ifadəsində həmin nasosları əsasən sutkanın qaranlıq vaxtlarında oğurladıqlarını və satmaq üçün gizlətdiklərini etiraf ediblər.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.