Sənayenin müasir vəziyyəti və inkişaf problemlərinə dair elmi konfrans təşkil olunacaq
Bakı, 19 fevral, AZƏRTAC
Təhsil Nazirliyinin dəstəyi, Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) təşkilatçılığı ilə aprelin 30-da “Sənayenin müasir vəziyyəti və inkişaf problemləri: texnoparkların və sənaye məhəllələrinin ölkənin iqtisadi inkişafına təsiri” mövzusunda respublika elmi-praktiki konfransı keçiriləcək.
AzMİU-dan AZƏRTAC-a bildirilib ki, konfransda “Bazar iqtisadiyyatı şəraitində texnoparkların yaradılmasının zəruriliyi və əhəmiyyəti”, “Dinamik proqramlaşdırma nəzəriyyəsinə əsaslanan informasiya resurslarının bölüşdürülməsi modeli”, “Müasir Azərbaycanda sosial-iqtisadi problemlər. Dövlət-özəl partnyorluğu. Personalın idarə olunması problemləri” və “Müasir inşaat texnologiyaları və memarlıq. Daşınmaz əmlakın və inşaatın idarə olunması və iqtisadiyyatı” bölmələrində təqdimatlar olacaq, müzakirələr aparılacaq.
Konfransa təqdim olunan məqalələr toplu halında nəşr ediləcək. Məqalələr orjinal olmalı, əvvəllər başqa milli və ya beynəlxalq jurnallara və konfranslara təqdim edilməməlidir. Materiallar aprelin 5-dək göndərilməlidir.
Məqalələrin elektron variantı [email protected] və [email protected] ünvanlarına təqdim edilməlidir.