Sənayenin qeyri-neft-qaz sektorunda məhsul istehsalı artıb
Bakı, 11 iyun, AZƏRTAC
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən yanvar-may aylarında 15,5 milyard manatlıq və ya 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 0,4 faiz çox sənaye məhsulu istehsal edilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, sənayenin qeyri-neft-qaz sektorunda məhsul istehsalı 14 faiz artıb. Sənaye məhsulunun 31,6 faizi emal sektorunda istehsal olunub. Emal sektorunda əczaçılıq məhsullarının istehsalı 3,1 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 2,3 dəfə, metallurgiya sənayesi məhsullarının istehsalı 2,2 dəfə, kompüter, elektron və optik məhsulların istehsalı 94,6 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 57,2 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 37,6 faiz, elektrik avadanlıqlarının istehsalı 26,5 faiz, tütün məmulatlarının istehsalı 26,1 faiz, kimya sənayesi məhsullarının istehsalı 24,6 faiz, kağız və karton istehsalı 15 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 13,6 faiz, geyim istehsalı 13 faiz, hazır metal məmulatlarının istehsalı 7,4 faiz, içkilərin istehsalı 2,9 faiz, neft məhsullarının istehsalı 2 faiz, poliqrafiya məhsullarının istehsalı 1,8 faiz, qida məhsullarının istehsalı 1,8 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 1,6 faiz artıb. Mebel istehsalı 1,5 faiz, maşın və avadanlıqların istehsalı 8,2 faiz, tikinti materiallarının istehsalı 9,3 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 37,2 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 44,2 faiz azalıb.