Sənətə sevgi, gələcəyə inam: Samuxlu İlknurun rəngli dünyası
Samux, 13 fevral, Vüsalə Cənnətova, AZƏRTAC
Gözəlliyi görmək bir istedad, onu ağ kağızın üzərinə köçürmək isə bir ruhun hekayəsidir. Erkən yaşlardan sənətin sehrli dünyasına qədəm qoyanlar təkcə rəngləri deyil, həm də həyatın nəbzini duymağı bacarırlar. Samux rayonunun istedadlı yeniyetmələrindən olan 17 yaşlı İlknur Əsgərova üçün də rəssamlıq sadə bir məşğuliyyət deyil, bu, onun xəyallarını gerçəkliyə bağlayan bir körpüdür.
AZƏRTAC-ın bölgə müxbiri İlknurla görüşərək, onun yaradıcılıq dünyası ilə yaxından tanış olub.
Samux şəhər 3 nömrəli tam orta məktəbin XI sinif şagirdi olan İlknur illərdir rəssamlıq kurslarında sənətin incəliklərinə yiyələnir. Onun üçün hər bir rəsm həm də öz daxili dünyasına səyahətdir. Gənc istedad hesab edir ki, boyaların dili ilə danışmaq insana sözlə ifadə edilməyən bir hüzur bəxş edir. “İllərdir ki, rəssamlıq kurslarına gedirəm. Bu sənətin sirlərini öyrənmək zövqümü formalaşdırmaqla, təxəyyülümü genişləndirməklə, yaradıcılıq qabiliyyətimi gücləndirməklə yanaşı, mənə səbirli olmağı, başladığım işi sona çatdırmağı və zəhmətin nəticəsini görməyi öyrədir. Hər bir çəkilən rəsm, öyrənilən yeni texnika özümə inamımı artırır. Bu inam isə gələcəkdə həm təhsildə, həm də peşə həyatımda mənə uğur qazanmağa dəstək olacaq”, - deyə İlknur bildirir.
İlknurun ən böyük arzusu Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında təhsil almaqdır. O, bu hədəfə çatmaq üçün həm dərslərində, həm də rəsm emalatxanasında yorulmadan çalışır: “Məktəbdə dərslərimi yaxşı oxuyuram. Rəsm kursunda da müəllimimin mənə öyrətdiklərini ən xırda detallarına qədər mənimsəməyə çalışıram. Bilirəm ki, istedad zəhmətlə birləşəndə böyük nailiyyətlərə yol açır. Mən də gələcəkdə ölkəmizin tanınmış rəssamlarından biri olmağı hədəfləyirəm. Onu da başa düşürəm ki, bunun üçün çox çalışmalı, öz üzərimdə dayanmadan işləməliyəm. Buna hazıram”, - deyə İlknur Əsgərova qeyd edib.
O, yaradıcılıq yolunda təkcə öz xəyallarına deyil, həm də Azərbaycanın sənət korifeylərinin irsinə söykənir. Səttar Bəhlulzadənin əl işlərindəki rənglərin rəqsindən, Tahir Salahovun sərt və məğrur xətlərindən, Vəcihə Səmədovanın incə duyğularından ilham alır. Gənc rəssamın işlərində portretlərin baxışlarından tutmuş, mənzərələrin pıçıltısına qədər hər şey bir harmoniya təşkil edir.
Onun yaradıcılığında ən mühüm səhifələrdən biri Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya həsr etdiyi əsərdir. 2024-cü ildə Azərbaycan Dövlət Aqrar Universitetində keçirilən rəsm müsabiqəsində bu əl işi ilə birinci yerə layiq görülməsi onun istedadının növbəti təsdiqi olub. Kətan, quaş və yağlı boya ilə möcüzələr yaradan İlknur indi daha böyük zirvəyə — Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına gedən yola hazırlaşır.
İlknur Əsgərovanın ən böyük arzusu peşəkar rəssam kimi yetişib, ölkəmizin zəngin mədəniyyətini və əsrarəngiz təbiətini beynəlxalq sərgi salonlarında nümayiş etdirməkdir. O, istedadın zəhmətlə cilalandığına inanır və bu yolda yorulmadan addımlamağa hazırdır. Samuxlu gəncin rəngli dünyası bizə bir daha sübut edir ki, incəsənətə sevgi olan yerdə gələcəyə inam da hər zaman parlaqdır.