SİYASƏT
SƏNGƏÇAL TERMİNALI İLƏ TANIŞLIQ
AZƏRTAC xəbər verir ki, Macarıstanın Baş naziri Ferents Dyurçanın başçılıq etdiyi nümayəndə heyəti iyulun 8-də Səngəçal neft terminalında olmuşdur.
Xəzər Enerji Mərkəzindən başlanmış tanışlıq zamanı “Əsrin müqaviləsi”nə əsasən, neft-qaz layihələrinin qovuşduğu neft terminalının rəhbərləri və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə qonaqlara mərkəz barədə ətraflı məlumat vermişlər.
Qlobal enerji layihələri haqqında slaydlar nümayiş etdirilmişdir. Qonaqlara bildirilmişdir ki, inşasına 2001-ci ildən başlanmış terminalda tutumu 880 min barrel olan 3 xam neft çəni, baş nasos stansiyası, seporatorlar, emal qurğuları və idarəetmə məntəqəsi vardır. Buraya fiberoptik rabitə kabelləri, sahildən 187 kilometr aralıda yerləşən dəniz yataqlarından sualtı neft və qaz kəmərləri çəkilmişdir.
Macarıstanlı qonaqlar terminalın ərazisi ilə də tanış olmuşlar. Nümayəndə heyətinin üzvləri avtobusla terminalı gəzmiş, onlara buradakı texnoloji proseslər barədə əyani məlumat verilmişdir.
######