Sentyabrın 6-da keçirilmiş imtahanların nəticələri elan olunub
Bakı, 10 sentyabr, AZƏRTAC
Cari ilin buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyənlər üçün sentyabrın 6-da keçirilmiş əlavə imtahanın nəticələri açıqlanıb.
Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC-a bildirilib ki, imtahanda iştirak edən şagirdlər iş nömrəsi – 8 rəqəmli şagird kodu və şəxsiyyəti təsdiq edən sənədin nömrəsi və ya FİN kodu vasitəsilə imtahan nəticələri, həmçinin cavab vərəqəsinin qrafik təsviri ilə tanış ola bilərlər.
Azərbaycan dili (dövlət dili kimi) imtahanında iştirak edənlər də DİM-in saytında müvafiq bölməyə daxil olaraq nəticələrini öyrənə bilərlər.
Şagirdlər imtahan nəticələri barədə məlumatı hər fənn üzrə ümumi balı göstərən SMS vasitəsilə də əldə edə bilərlər. Bunun üçün mobil operatorlar – “Azercell”, “Bakcell” və “Nar” istifadəçiləri imtahan üçün nəzərdə tutulan buraxılış vərəqəsində göstərilən kodu 7727 nömrəsinə göndərməlidirlər.
İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması məqsədilə DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək.
Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər sentyabrın 11-i saat 10:00-dan sentyabrın 12-si saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər.
Göstərilən müddət ərzində qeydiyyatdan keçməyən şəxslər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər.