“Sərhəd” hərbi-idman oyununun Naxçıvan Muxtar Respublikası üzrə zona birinciliyinin qalibi müəyyənləşib
Naxçıvan, 2 may, AZƏRTAC
“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının, Təhsil, Gənclər və İdman nazirliklərinin birgə təşkilatçılığı ilə keçirilən “Sərhəd” hərbi-idman oyununun Naxçıvan Muxtar Respublikası üzrə zona birinciliyinin II turuna yekun vurulub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbirdə “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının qərargah rəisi, polkovnik-leytenant Anar Nəsirli, diviziyanın zabiti, baş leytenant Tural Xudaverdiyev, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşı Elxan Babayev, Gənclər və İdman Nazirliyinin əməkdaşı Valeh Mahmudov çıxış ediblər. Bildirilib ki, muxtar respublikanın 7 sərhədyanı rayonunun 29 məktəbinin 95 şagirdinin iştirak etdiyi builki “Sərhəd” hərbi-idman oyunu üç mərhələdə təşkil olunub. Aprel ayından start verilən oyunlarda sərhədyanı kəndlərdəki tam orta məktəblərin şagirdləri iştirak edib və ilkin mərhələnin qalibləri növbəti mərhələyə vəsiqə qazanıblar. Bu gün zona üzrə keçirilən ikinci tura isə 7 məktəbin 35 şagirdi qatılıb. Bu turun qalibi Lənkəran Sərhəd Dəstəsinin bazasında keçiriləcək ölkə birinciliyində muxtar respublikanı təmsil edəcək.
Sonra oyuna start verilib. Komandalar sıra hazırlığı, süni nəzarət zolağının yaradılması, kəndirin dartılması, maneələrin dəf olunması, yaralanmış sərhəd naryadı üzvünə ilkin tibbi yardımın göstərilməsi və onun təxliyəsi və digər mərhələlərdə bacarıqlarını göstəriblər.
Gərgin mübarizə şəraitində keçən oyunun sonunda Naxçıvan şəhər 9 nömrəli tam orta məktəbin komandası I, Məhəmməd Füzuli adına Ordubad şəhər internat tam orta məktəbinin komandası II, Kəngərli rayon Böyükdüz kənd tam orta məktəbinin komandası III yerə layiq görülüblər. Qalib komandalara təşkilatçılar tərəfindən kubok, medal, diplom və qiymətli hədiyyələr təqdim olunub. Həmçinin oyunun ayrı-ayrı mərhələlərində fərqlənən şagirdlərə fəxri fərmanlar verilib.
Lənkəran Sərhəd Dəstəsinin bazasında keçiriləcək ölkə birinciliyində muxtar respublikanı Naxçıvan şəhər 9 nömrəli tam orta məktəbin komandası təmsil edəcək.