SƏRHƏD QOŞUNLARININ YARADILMASININ 89-CU İLDÖNÜMÜ QEYD OLUNMUŞDUR
AZƏRTAC xəbər verir ki, Azərbaycanda Sərhəd Qoşunlarının yaradılmasının 89-cu ildönümü münasibətilə Dövlət Sərhəd Xidmətinin rəhbərliyi və şəxsi heyəti avqustun 18-də Fəxri xiyabana gələrək, xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.
Sərhədçilər görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də gül düzmüşlər.
Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş cəsur Vətən övladlarının xatirəsi anılmış, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulmuş, şəhid sərhədçilərin məzarları ziyarət edilmişdir.
Həmin gün Dövlət Sərhəd Xidmətinin mərkəzi aparatında təntənəli mərasim keçirilmişdir.
Döyüş bayrağı sıra meydanına gətirilmiş, Azərbaycanın dövlət himni səslənmişdir.
Sonra Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının sərhəd fakültəsini bu il bitirmiş gənc leytenantlar and içmişlər.
Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının komandanı general-leytenant Elçin Quliyev şəxsi heyəti peşə bayramı münasibətilə təbrik etmişdir. O demişdir ki, müstəqillik illərində Azərbaycan Ordusunun yaradılması, formalaşdırılması proseslərinə bilavasitə rəhbərlik edən, bu sahədəki fəaliyyəti ilə dövlətimizin hərb salnaməsinə şanlı səhifələr yazan ulu öndər Heydər Əliyev Sərhəd Qoşunlarının formalaşdırılması, ölkəmizin sərhədlərinin qorunması işinin təşkili istiqamətində əvəzsiz xidmət göstərmişdir. Ümummilli lider milli sərhəd siyasətimizin əsasını qoymuş, sərhəd strategiyamızı müəyyənləşdirmişdir. Onun 2000-ci il 16 avqust tarixli Sərəncamı ilə Sərhəd Qoşunlarının şəxsi heyətinin peşə bayramı təsis olunmuşdur.
Şəxsi heyət adından Ali baş komandana minnətdarlığını bildirən Elçin Quliyev demişdir ki, Sərhəd Qoşunları ulu öndərin şah əsəri olan müstəqil Azərbaycanın müdafiəsi və daha da möhkəmlənməsi üçün bundan sonra da xidməti borcunu şərəflə yerinə yetirəcəkdir.
Xidmətin rəisi demişdir ki, hazırda qarşıda duran əsas vəzifələrdən biri Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi sisteminin 2006-2010-cu illərdə texniki inkişafına dair Dövlət Proqramı”nın həyata keçirilməsidir. Həmin proqramın çox hissəsi artıq icra olunmuşdur.
Proqram çərçivəsində sərhəd məntəqələrinin müasir texniki avadanlıqla təchiz edildiyini deyən Elçin Quliyev vurğulamışdır ki, sərhədçilərin məişət şəraitinin yaxşılaşdırılması, zəruri sərhəd infrastrukturunun yaradılması və digər mühüm tədbirlər nəzərdə tutulmuşdur və həmin işlər uğurla həyata keçirilir. Dövlət Sərhəd Xidmətinin ixtisaslı kadrlarla komplektləşdirilməsi, zabit və gizirlərin peşəkar hazırlığının təminatı sahəsində də önəmli işlər görülməkdədir.
Prezidentin müdafiə məsələləri üzrə köməkçisi, general-leytenant Vahid Əliyev mərasim iştirakçılarını təbrik etmiş, xoş arzularını çatdırmışdır.
Sonra xidmətdə fərqlənmiş bir qrup sərhədçiyə müxtəlif mükafatlar təqdim olunmuşdur.
Bayram tədbiri “Sərhədçi” istirahət mərkəzində davam etdirilmişdir.
######
![]() |
![]() |
![]() |
![]() |
![]() |




