Sərhədsiz Mübarizə Qardaşlığı Beynəlxalq İctimai Təşkilatı Ukrayna Azərbaycanlı Gənclər Birliyinin Ukraynada elan etdiyi Xocalı ayı kampaniyasına qoşulduğunu bəyan etmişdir
Bakı, 18 fevral (AZƏRTAC). Beynəlxalq təşkilatlar dünyada baş verən zorakı və qanlı olaylara düzgün qiymət verməklə gələcək faciələrin qarşısının alınmasında ciddi siyasi iradə nümayiş etdirmiş olarlar.
Ukrayna Azərbaycanlı Gənclər Birliyinin (UAGB) mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Kiyev şəhərində keçmiş sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının 24 illiyinə həsr olunmuş mərasimdə iştirak edən Sərhədsiz Mübarizə Qardaşlığı Beynəlxalq İctimai Təşkilatının nümayəndələri belə bir çağırışla Ukrayna Azərbaycanlı Gənclər Birliyinin Ukraynada keçirdiyi Xocalı ayı kampaniyasına qoşulduqlarını bəyan etmişlər.
Tədbirdə “amalımız dünyada haqqı və ədaləti müdafiə etməkdir” deyən beynəlxalq təşkilatın rəhbəri Yevgeni Podsolyenov beynəlxalq təşkilatların indiyədək Xocalı soyqırımına hüquqi siyasi qiymət verməmələrini tarixi ədalətsizlik kimi dəyərləndirmişdir.
Y.Podsolenov demişdir ki, Xocalı faciəsindən 21 il ötməsinə baxmayaraq dünya birliyinin indiyədək bu acı həqiqətə göz yumması yolverilməzdir. Bu baxımdan təşkilatımız UAGB-nin Ukraynada elan etdiyi Xocalı ayı kampaniyasına qoşularaq bu qanlı faciənin Ukrayna ictimaiyyətinə çatdırılmasında yaxından iştirak etmək qərarına gəlmişdir.
Beynəlxalq təşkilatın nümayəndələri, həmçinin “Xocalıya Ədalət!” kampaniyası çərçivəsində BMT-nin və ATƏT-in Ukrayna nümayəndəliklərinin qarşısında keçiriləcək etiraz yürüşlərində də edəcəklərini bildirmişlər.