“Səriştəli metodist” layihəsi iştirakçılara karyerada yüksəliş imkanı qazandıracaq
Bakı, 5 avqust, AZƏRTAC
Təhsil İnstitutu tərəfindən “Məktəblərdə keyfiyyətli metodik xidmət” proqramı çərçivəsində regionlarda “Səriştəli metodist” layihəsinə qeydiyyat davam edir.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, müraciətlər avqustun 15-dək qəbul olunur. Layihəyə qoşulmaq istəyən şəxslərin müraciətləri aşağıdakı tələblərə əsasən qiymətləndiriləcək:
- Ali təhsil;
- Minimum 5 il pedaqoji sahədə iş təcrübəsi (idarəetmə sahəsində iş təcrübəsi arzu olunandır);
- Müasir dövrdə təhsilin səmərəli təşkili ilə bağlı beynəlxalq təcrübəni araşdırma, öyrənmə bacarığı;
- "Microsoft Office" proqramları və internet resurslarından istifadə bacarığı;
- Təşkilatçılıq bacarığı;
- Komanda ilə işləmək bacarığı;
- Zərurət olduqda ölkə ərazisi üzrə iş səfərlərinə getmək imkanı;
- Yaş həddi: 27-45.
Layihə çərçivəsində iş qrafiki xidməti müqavilə əsasında xüsusi tərtib olunacaq. Layihə iştirakçılara yerli və beynəlxalq ekspertlər tərəfindən keçiriləcək təlimlərə qatılmaq, həmçinin özünüinkişaf və karyerada yüksəliş imkanı qazandıracaq.
Namizədlər öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər.