Şərqşünaslıq İnstitutunun əməkdaşı X beynəlxalq Balkan sosial elmlər konfransında məruzə edib
Bakı, 8 yanvar, AZƏRTAC
AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun İran filologiyası şöbəsinin elmi işçisi Fidan Nəsirova Türkiyənin Kırklareli şəhərində keçirilən X beynəlxalq Balkan sosial elmlər konfransında iştirak edib.
Bu barədə AZƏRTAC-a Şərqşünaslıq İnstitutundan məlumat verilib. Bildirilib ki, F.Nəsirova konfransda “Pedaqoji fikir tarixində “Vətən dili” dərsliyinin yeri” mövzusunda məruzə edib. Məruzədə 40 ilə yaxın bir müddətdə mükəmməl dərs vəsaiti missiyasını şərəflə yerinə yetirməklə, Cənubi Qafqazda dərslik dilinin bünövrəsini qoymaqla yanaşı, Azərbaycanın intellektual potensialının inkişafında əhəmiyyətli rol oynayan “Vətən dili”nin pedaqoji fikir tarixindəki mövqeyi və dərsliyin uzunömürlülüyünü şərtləndirən ideya-tematik aktuallıq, xalq yaradıcılığından bəhrələnmə, yeni pedaqoji prinsiplərin tətbiqi, forma və məzmun vəhdəti kimi səciyyəvi xüsusiyyətlərindən geniş bəhs edilib. “Vətən dili” kitabının ərsəyə gəlməsində böyük xidmətləri olan Həsənəlixan Qaradağinin nəvəsi, tanınmış şərqşünas alim Vüqar Qaradağlının bu dərsliyi müasir elmi tələblərə cavab verəcək səviyyədə araşdırması da sevindirici hal kimi konfrans iştirakçılarının diqqətinə çatdırılıb.
Məruzə konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.