REGİONLAR
Şərurun kəndlərində elektrik təsərrüfatı yenidən qurulur
Naxçıvan, 6 noyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti tərəfindən muxtar respublikanın rayon və kəndlərini dayanıqlı elektrik enerjisi ilə təmin etmək məqsədilə elektrik təsərrüfatları yenidən qurulur.
Xidmətdən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, hazırda muxtar respublikanın ən böyük rayonu olan Şərurda elektrik təsərrüfatlarının yenilənməsi istiqamətində işlər aparılır. Rayonunun 16 kəndində elektrik təsərrüfatının yenilənməsi başa çatıb, 10 kəndində isə kabelləşmə işləri görülür.
Ümumilikdə 2892 abonentin elektrik enerjisi təminatını yaxşılaşdırmaq məqsədilə 65,5 kilometr məsafədə SİP kabel çəkilib, 236 yeni elektrik dirəyi basdırılıb. Şərur şəhərində isə 1591 abonentin elektrik enerjisi verilişini daha keyfiyyətli etmək məqsədi ilə 13 kilometr məsafədə SİP kabel çəkilib, 14 yeni dirək basdırılıb.
Genişmiqyaslı yenilənmə işləri muxtar respublikanın bütün rayonlarında eyni vaxtda aparılır. Görülən işlər əhalinin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təminatına imkan yaradacaq, elektrik enerjisi itkilərini minimuma endirəcək.