Səttar Möhbalıyev: Ermənistan çirkin hərbi təxribatları ilə heç nəyə nail ola bilməyəcək

Bakı, 13 sentyabr, AZƏRTAC
Ermənistan tərəfi təcavüzkar siyasətini davam etdirərək sentyabrın 12-də gecə saatlarından başlayaraq dövlət sərhədində genişmiqyaslı təxribatlar törədib. Bu, beynəlxalq hüququn norma və prinsiplərinin, Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanmış üçtərəfli bəyanatların, həmçinin əldə olunmuş digər razılaşmaların birbaşa və kobud şəkildə pozulmasıdır. Aydın görünür ki, Ermənistan Azərbaycanın bu ölkə ilə qarşılıqlı münasibətlərin normallaşdırılması istiqamətində səylərini pozmaqla məşğuldur və sülhə doğru atılan addımlara müxtəlif yollarla mane olmağa çalışır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
Onun sözlərinə görə, son zamanlar Laçında və digər ərazilərdə minaların yerləşdirilməsi, dövlət sərhədi boyunca hərbi qüvvələrin sayının artırılması, həmçinin erməni silahlı birləşmələrinin Azərbaycan ərazisindən çıxarılmaması gərginliyin yüksəldilməsinə hesablanmış addımlardır və Ermənistan belə əməlləri ilə danışıqları əngəlləməyə çalışır. “Törədilən son hərbi təxribat da qeyd etdiyim çirkin əməllərin davamıdır. Təcavüzkar dövlətin belə əməllərinə, təbii ki, cavab vermək, təhlükə doğuran legitim hədəfləri məhv etmək, ərazi bütövlüyünün təhlükəsizliyini qorumaq Azərbaycanın suveren hüququdur”, - deyə deputat qeyd edib.
“Ermənistan tərəfi, o cümlədən başıpozuq revanşist qüvvələr hələ də anlamırlar ki, onlar törətdikləri təxribatlarla heç nəyə nail ola bilməyəcəklər”, - deyən S.Möhbalıyev xatırladıb ki, onların qarşısında güclü və yenilməz, iki il öncə militarist Ermənistanın təcavüzkar ordusunu məhv etmiş müzəffər bir Ordu dayanır. Ona görə bu dövlət reallıqlarla barışmalı, bu kimi təxribatlardan əl çəkməli, Azərbaycanın sülh səylərinə qarşılıq verməlidir. Bu, onların yeganə xilas yoludur.