Sevincimiz, qürurumuz-Zəfər Günümüz
Ağsu, 8 noyabr, AZƏRTAC
8 Noyabr-Zəfər Günü Ağsuda da kütləvi tədbirlərlə qeyd olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, günəşli, gözəl noyabr səhərində insanlar küçələrə çıxır, şəhərin bayramsayağı bəzədilən mərkəzinə- Heydər Əliyev parkına toplaşırdılar. Burada onlar yerli musiqiçilərin ifasında rəngarən proqramla ifa edilən konserti dinləyir, rəsm həvəskarlarının tarixi Qələbəmizin sevincini və ağır döyüş səhnələrini əkis etdirən, rəngli boya ilə çəkilən rəsmlərinin sərgisinə tamaşa edirdilər.
Rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov, Milli Məclisin deputatı Tahir Kərimli və digər rəsmi şəxslər öncə şəhərin şimalında, Bakı-Şamaxı-Yevlax magistral yolunun kənarında salınan Qəhramanlar parkına gəlib, əklil qoyaraq qəhraman Vətən oğullarının xatirəsini ehtiramla yad ediblər.
Sonra şəhərdəki Şəhidlər xiyabanı ziyarət olunub. Burada Birinci Qarabağ müharibəsində, habelə ötən il sentyabrın 27-də başlanan və 44 gündə tarixi Qələbə ilə başa çatan Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan ağsuluların məzarlarını ziyarət ediblər. Şəhidlər xiyabanına ziyarətə gələn, əyinlərində Azərbaycan əsgərinin forması olan və bu formadan qürurlanan məktəblilərin əsgər salamı, Vətənə, şəhidlərimizə həsr olunan şeirləri hər kəsdə böyük təəssürat yaradıb. Məktəblilərin Şəhidlər xiyabanından başlanan yürüşünü ətrafdakı insanlar iftixarla seyri ediblər.
Rayon Mədəniyyət sarayında keçirilən yığıncaqdan öncə parkda ümummilli ilder Heydər Əliyevin abidəsi ziyarət olunub, hekəli önünə çiçəklər düzülüb. Yığıncaqda rayon rəhbərləri, şəhid ailələri, qazilər, gənclər, ictimayyət nümayəndələri iştirak ediblər. Öncə Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Yığıncaqda Vətən müharibəsində böyük Qələbəmizə həsr olunan videoçarx nümayiş olunub.
İcra başçısı Rövşən Bağırov, Milli Məclisin deputatı Tahir Kərimli və başqaları çıxış ediblər. Çıxışlarda ötən il sentyabrın 27-də başlanan və Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qısa vaxtda Qələbə ilə başa çatan Vətən müharibəsinin tarixi əhəmiyyətindən danışılıb. Bu gün qədim mədəniyyət mərkəzi olan Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti baxımından xalqımız bu qədim şəhərin azad olunduğu günü, 8 Noyabr- Zəfər Gününü təntənə ilə qeyd edir.
Yığıncaqda Prezidentin Sərəncamı ilə bir qrup şəhidə verilən medallar onların valideyinlərinə təqdim olunub.
Qeyd edək ki, 8 Noyabr- Zəfər Günü münasibətilə rayonda ağacəkmə aksiyası keçirilib. 430 nəfərin iştirak etdiyi aksiyada Ağsu-Rəhimli yolunun kənarına müxtəlif növdən olan 340 ədəd ağac əkilib.