İDMAN
“ŞEYTANIN TƏLƏSİ” FİLMİNİN ÇƏKİLİŞİ İLƏ ƏLAQƏDAR MƏTBUAT KONFRANSI KEÇİRİLMİŞDİR
Federasiyanın prezidenti, filmin quruluşçu rejissoru Tanrıverdi Allahverdiyev, Bakı Şəhər İcra Hakimiyyətinin kino xidməti idarəsinin rəisi Nəriman Ağayev, Azərbaycan Milli Karate do Federasiyasının prezidenti Yaşar Bəşirov, Azərbaycan Kunq-fu Federasiyasının prezidenti Barat İsrafilov tədbirdə çıxış edərək, bu filmin çəkilişini idman sahəsində yenilik kimi qiymətləndirmiş və kadrlarda yüksək peşəkarlıq nümayiş etdirilməsindən danışmışlar.
Bildirmişlər ki, maarifləndirmə xarakterli bu film gənclərin narkotik vasitələrə qurşanmasının qarşısının alınmasında, onların idmana cəlb olunaraq, sağlam böyüməsində və vətənpərvərlik ruhunda tərbiyəsində, onlara düşmən tapdağı altında qalan torpaqlarımızın azad olunması uğrunda mübarizədə yüksək əzmkarlıq hissinin aşılanmasında böyük əhəmiyyət kəsb edəcəkdir.
Təxminən 2 saatlıq filmdə igid Vətən övladlarının Qarabağ müharibəsində göstərdiyi şücaətdən, düşmənlərimiz tərəfindən xalqımızın başına gətirilən müsibətlərdən, eləcə də qocyu-ryuçuların döyüş üsullarından bəhs edilir.
Xatırladaq ki, film mayın 12-18-də Kanadanın Niaqara şəhərində 50-yə yaxın ölkə nümayəndələrinin iştirakı ilə keçiriləcək qocyu-ryu üzrə dünya çempionatında və beynəlxalq festivalda nümayiş etdiriləcəkdir. Azərbaycan həmin yarışda 7 nəfərdən ibarət milli yığma komanda ilə təmsil olunacaqdır.