Səyyar “ASAN xidmət” davam edir
Bakı, 10 iyun, AZƏRTAC
Səyyar “ASAN xidmət” iyunun 10-dan iyunun 25-dək Qaradağ rayonunun Qobustan qəsəbəsində, o cümlədən Hacıqabul, Xudat, Lənkəran, Tərtər, Göyçay, Qazax, Zaqatala, Beyləqanda, iyunun 10-dan iyunun 29-dək Xırdalanda, iyunun 10-dan iyulun 4-dək Şəmkirdə vətəndaşlara səyyar formada xidmət göstərəcək.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, səyyar şəkildə göstərilən xidmətlərə funksional yardımçı xidmətlər, həmçinin Azərbaycan Respublikasının Ədliyyə, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri və Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim olunan xidmətlər aiddir. Bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi (Bakı və Sumqayıt Səyyar “ASAN xidmət” avtobusları), əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir.
Vətəndaşlara, eyni zamanda daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların və fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, bank xidməti (dövlət rüsumlarının və xidmət haqlarının qəbulu), tərcümə xidməti (Bakı, Gəncə, Sumqayıt, İmişli və Masallı Səyyar “ASAN xidmət” avtobusları), tibb xidməti ilə bağlı xidmətlər də göstərilir.
Səyyar “ASAN xidmət”in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmini və vətəndaş məmnunluğuna nail olunmasıdır.
Videoya keçid üçün link: https://bit.ly/2UujAra