CƏMİYYƏT
Səyyar sosial-məişət xidməti göstərilən ahıl metropoliten işçisi ziyarət edilib
Bakı, 6 noyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları İsmayıllı rayonunda evdə səyyar sosial-məişət xidməti göstərilən ahıl şəxs Nəbi Mürşüdovu Bakı Metropoliteni əməkdaşlarının peşə bayramı günündə ziyarət ediblər.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentindən AZƏRTAC-a verilən məlumata görə, onun sosial vəziyyəti ilə maraqlanan əməkdaşlar cütlüyə cansağlığı və uzun ömür arzu ediblər. Keçmiş metropoliten işçisinin bundan sonra da dövlətin qayğısı ilə əhatə olunacağı vurğulanıb.
Agentliyin sosial xidmətçiləri ahılın yaşadığı ünvana gedərək ona ev təsərrüfatında, əsas tələbat mallarının alınmasında və başqa işlərdə kömək göstərirlər.
Ailə göstərilən dövlət qayğısına görə minnətdarlığını bildirib.
Nəbi Mürşüdov 1985-2018-ci illərdə Bakı Metropolitenində müxtəlif vəzifələrdə (tunel ustası, sahə rəisi) çalışıb. Prezident İlham Əliyevin 7 noyabr 2012-ci il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.
71 yaşlı Nəbi Süleyman oğlu Mürşüdov İsmayıllı rayonunun Qalacıq kəndində yaşayır. Onun həyat yoldaşı Nayibə Mürşüdova da 15 ilə yaxın Bakı Metropolitenində çalışıb.