İQTİSADİYYAT
Sığortaçılar Assosiasiyasının Müşahidə Şurası üzvləri sırasında dəyişiklik edilib
![Sığortaçılar Assosiasiyasının Müşahidə Şurası üzvləri sırasında dəyişiklik edilib](/files/2024/1/1200x630/17071167054675759311_1200x630.jpg)
Bakı, 5 fevral, AZƏRTAC
"Azərbaycan Sığortaçılar Assosiasiyası" İctimai Birliyinin (ASA) Müşahidə Şurası üzvləri sırasında dəyişiklik edilib.
ASA-dan AZƏRTAC-a verilən məlumata görə, İctimai Birliyin təsisçilərinin iclası keçirilib. İclasın gündəliyində duran məsələ Birliyin Müşahidə Şurasının üzvü olan və Azərbaycan Prezidentinin 2023-cü il 31 yanvar tarixli Fərmanı ilə ləğv edilən Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkətinin ("Azərsığorta") yerinə yeni üzvün müəyyən edilməsi olub. Razılığı alınaraq namizədliyi irəli sürülən "Meqa Sığorta" ASC-nin üzvlüyü səsverməyə çıxarılıb. Şirkət ASA-nın təsisçiləri tərəfindən yekdilliklə dəstəklənərək Birliyin Müşahidə Şurasının üzvü seçilib.
Qeyd edək ki, "Azərbaycan Sığortaçılar Assosiasiyası" İctimai Birliyinin Müşahidə Şurasında 9 sığorta şirkəti təmsil olunur.