Silahlı Qüvvələr Günü Marneulidə qeyd olunub
Tbilisi, 26 iyun, AZƏRTAC
Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü Gürcüstanın Marneuli rayonunun Sadaxlı qəsəbəsindəki “Təhsil və İnteqrasiya Mərkəzi"ndə qeyd olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə mərkəzin rəhbəri Samir Şərifov çıxış edərək, Azərbaycanın dövlətçilik tarixi, ölkəmizdə ordu quruculuğu sahəsində görülən işlər barədə ətraflı məlumat verib. Bildirib ki, müasir müstəqil Azərbaycan dövlətinin memarı Ümummilli Lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra ordu quruculuğuna xüsusi diqqət yetirilib.
Prezident İlham Əliyev Ulu Öndərin siyasi kursunu uğurla davam etdirərək, Azərbaycan Silahlı Qüvvələrini daha da inkişaf etdirib, maddi-texniki bazasını möhkəmləndirib. Bunun nəticəsidir ki, bu gün 107 yaşını qeyd edən Azərbaycan Ordusu xalqımızın qəhrəmanlıq tarixində parlaq səhifə açıb, 30 il işğal altında olan torpaqlarımızı 44 günlük Vətən müharibəsində düşmən tapdağından azad edib.
Tədbirdə, həmçinin Azərbaycan və Gürcüstan arasında hərbi və digər sahələrdə uğurlu əməkdaşlıqdan söhbət açılıb.