Şirvan-Salyan regionunda Uşaq İncəsənət Festivalının seçim mərhələsi başlayıb VİDEO












Salyan, 23 aprel, Aydın Yavərzadə, AZƏRTAC
Şirvan-Salyan regionunda Uşaq İncəsənət Festivalının seçim mərhələsi başlayıb.
Şirvan-Salyan Regional Mədəniyyət idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Şirvan şəhər Mədəniyyət Mərkəzində, Biləsuvar və Neftçala rayon Heydər Əliyev mərkəzlərinin qarşısında təşkil olunan açılış mərasimləri rəngarəng və maraqlı anlarla yadda qalıb.
Tədbirlər çərçivəsində rəsm sərgisi nümayiş etdirilib, uşaqlar üçün kitab oxu guşəsi yaradılıb, üz boyama (face art) və digər əyləncəli fəaliyyətlər təşkil olunub. Açılış mərasimində uşaq musiqi və incəsənət məktəblərinin şagirdləri maraqlı səhnələrlə çıxış ediblər. Festival çərçivəsində Şirvanda qarmon ifası, Biləsuvar, Salyan və Hacıqabul rayonlarında estrada oxuma və xanəndəlik, Neftçalada isə rəssamlıq nominasiyaları üzrə uşaqlar münsiflər heyətinin qarşısında öz istedad və bacarıqlarını nümayiş etdiriblər.
Qeyd edək ki, Şirvan-Salyan regionunda festivalın birinci mərhələsi may ayının 5-dək davam edəcək. Bu mərhələnin qalibləri növbəti – regional mərhələdə iştirak hüququ qazanacaqlar.