Şirvan şəhər sakinləri qan xəstəliklərindən əziyyət çəkənlərə dəstək olublar
Şirvan, 20 sentyabr, Mahir Babayev, AZƏRTAC
Aşura günü ilə əlaqədar Şirvan şəhərində qanvermə aksiyası keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Mərkəzi Qan Bankının Şirvan bölməsində keçirilən könüllü aksiyada günün birinci yarısında 200 şəhər sakinindən qan tədarük olunub. Aksiya axşam saatlarınadək davam edəcək.
Qanvermədə iştirak edən şəhər sakinləri aksiyada iştirak etməklə, qana ehtiyacı olan insanların köməyinə çatmaq üçün bu nəcib və humanist xarakterli aksiyaya qoşulublar. Məqsəd hemofiliya və talassemiya xəstəliklərindən əziyyət çəkən insanlara, xüsusən də uşaqlara yardım etmək və onlar üçün tədarük olunan qan ehtiyatını artırmaqdır.
Yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya, qan xəstəliklərindən əziyyət çəkənlər və kritik anlarda ehtiyacı olanlar üçün istifadə olunacaq.