Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şirvanda “Cənub” Elektrik Stansiyası istismara verilmişdir
Prezident İlham Əliyev açılışda iştirak etmişdir VİDEO

Şirvan, 1 iyul (AZƏRTAC). İyulun 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şirvana səfəri çərçivəsində “Cənub” Elektrik Stansiyasının açılışında iştirak etmişdir.

Dövlətimizin başçısı əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad etdi, Ümummilli Liderin stansiyanın həyətindəki abidəsi önünə gül dəstəsi qoydu.

Prezident İlham Əliyev avtobusla stansiyanın ərazisini gəzdi.

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyev dövlətimizin başçısına məlumat verdi ki, son illərdə Azərbaycanda elektroenergetika sisteminin inkişafı ilə bağlı mühüm tədbirlər icra olunmuşdur. Bu sahədə həyata keçirilən tədbirlər nəticəsində ölkəmizdə energetikanın maddi-texniki bazası möhkəmləndirilmiş, xeyli sayda modul tipli elektrik stansiyaları istifadəyə verilmişdir. Bununla da əhalinin elektrik enerjisi ilə təmin olunmasında ciddi nailiyyətlər qazanılmışdır. Bu sahədə beynəlxalq standartlara uyğun qanunvericilik bazası formalaşdırılmışdır ki, bu da ölkədə enerji sisteminin müasir tələblər səviyyəsində inkişafına təkan verir. Bütün bunlarla yanaşı, indi mövcud elektrik stansiyalarının modernləşdirilməsi prosesi vüsət almışdır. 2007-ci il dekabrın 24-də Prezident İlham Əliyevin iştirakı ilə təməli qoyulan “Cənub” Elektrik Stansiyasında həyata keçirilən işlər də bunun bariz nümunəsidir. Bütün tikinti-quraşdırma və sazlama işləri respublikada ilk dəfə olaraq layihənin baş podratçısı yerli “Azenco” şirkəti tərəfindən həyata keçirilmişdir. Stansiyanın ümumi ərazisi 20 hektardır. Tikintisində 800 nəfərin çalışdığı elektrik stansiyası fəaliyyətə başladıqdan sonra burada 215 nəfər daimi işlə təmin ediləcəkdir. Ərazidə olan köhnə yaşayış yerlərinin əvəzinə beşmərtəbəli 60 mənzilli bina, ikimərtəbəli mehmanxana, üçmərtəbəli qonaq evi, 14 fin evi və yeməkxana tikilmişdir. Stansiyanın ərazisində yaşıllaşdırma işləri aparılmış, 30 min ağac, 60 mindən çox müxtəlif gül kolu əkilmişdir. Ərazidə 61 min kvadratmetr sahədə beton yol salınmışdır. Hazırda əhalinin tələbatı nəzərə alınaraq ötürücü və paylayıcı şəbəkələrin genişləndirilməsi istiqamətində atılan addımlara, bu məsələdə ekoloji təhlükəsizliyin diqqət mərkəzində saxlanmasına xüsusi əhəmiyyət verilir. Bu prinsip “Cənub” Elektrik Stansiyasının fəaliyyətində də başlıca meyara çevrilmişdir. Bu mühüm amili şərtləndirən digər məsələ indi Azərbaycanda bərpa olunan və alternativ enerji mənbələrinin yaradılmasına xüsusi diqqətin göstərilməsidir. Bununla bağlı artıq konkret tədbirlər həyata keçirilir və bu da ölkəmizin elektroenergetika infrastrukturunun daha da möhkəmləndirilməsinə xidmət edir. “Cənub” Elektrik Stansiyası isə böyük regional infrastruktur layihəsi olmaqla ölkəmizin enerji təhlükəsizliyinə mühüm töhfə verəcəkdir.

Ölkənin cənub bölgəsində 50 il əvvəl istismara verilmiş “Şirvan” Elektrik Stansiyası istismar müddətini iki dəfə başa vurduğuna görə Prezident İlham Əliyevin 2005-ci ildə imzaladığı Sərəncamla Şirvan şəhərində “Cənub” Elektrik Stansiyası inşa edilmişdir. Stansiyanın gücü 780 meqavatdır.

Prezident İlham Əliyev “Sahil” nasos stansiyasında oldu.

Bildirildi ki, nasos stansiyasında hər birinin məhsuldarlığı saatda 80 min kubmetr olan üç qaz kompressoru quraşdırılmış, Kür çayı üzərində diametri iki min millimetr olan iki kollektorlu 4 nasosdan ibarət 3 kilometr uzunluğunda su soyuducu sistem yaradılmışdır. Burada 2 köməkçi işəsalma və qızdırıcı qazan quraşdırılmışdır. Stansiyada hər birinin məhsuldarlığı saatda 100 ton olan iki qurğudan ibarət sutəmizləmə sistemi də fəaliyyət göstərir. “Sahil” nasos stansiyasında quraşdırılan avadanlıq ən müasir tələblərə cavab verir.

Dövlətimizin başçısı “GİS” tipli qapalı 330/220/110 kilovoltluq yarımstansiyanın fəaliyyəti ilə də maraqlandı. Burada xidmətə ehtiyacı olmayan qazla izolə edilmiş üç qapalı yarımstansiyada hər birinin gücü 180 meqavolt amper olan 6 yüksəldici transformator, hər birinin gücü 250 meqavolt amper olan 4 sistem transformatoru və hər birinin gücü 25 meqavolt amper olan 4 xüsusi sərfiyyat transformatoru quraşdırılmışdır. Yarımstansiyada ümumi uzunluğu 50 kilometr olan 330, 220 və 110 kilovoltluq kabel və hava xətləri, həmçinin uzunluğu 130 kilometr olan 220 kilovoltluq iki dövrəli “Cənub Elektrik Stansiyası - Böyük Şor Yarımstansiyası” hava xətti çəkilmişdir.

Qeyd edildi ki, 110 kilovoltluq xətlər Sumqayıt Texnologiyalar Parkının istehsalıdır. Ümumilikdə, stansiyada Sumqayıt Texnologiyalar Parkının istehsalı olan 150 kilometr uzunluğunda 6 və 0,4 kilovoltluq güc, həmçinin min kilometrdən çox siqnal və ölçü kabelləri çəkilmişdir.

Stansiyanın baş korpusunda ən müasir avadanlıq quraşdırılmışdır. Burada hər birinin gücü 128 meqavat olan 4 qaz turbini, hər birinin gücü 135 meqavat olan 2 buxar turbini, hər birinin məhsuldarlığı saatda 186 ton olan 4 qazan-utilizator və hər birinin gücü 160 meqavolt amper olan 6 generator və digər zəruri avadanlıq qoyulmuşdur. Baş korpusda 1,5 milyon kubmetrdən çox torpaq işləri görülmüşdür. Burada dəmir-beton məmulatın həcmi 82 min kubmetrdir. “Cənub” Elektrik Stansiyasının faydalı iş əmsalı 52 faiz, bir kilovat/saat elektrik enerjisinin istehsalına sərf olunan şərti yanacağın miqdarı isə 237 qramdır. Müqayisə üçün deyək ki, əvvəlki “Şirvan” Elektrik Stansiyasında bu göstəricilər müvafiq olaraq 26 faiz və 460 qram təşkil edirdi. Digər analoji stansiyalardan fərqli olaraq burada üç yanacaq növündən - qaz, mazut və dizel yanacağından istifadə etmək imkanı vardır. Stansiyanın fəaliyyəti yüksək keyfiyyətli olmaqla yanaşı, həm də qənaətcilliyi ilə seçilir. Bu nəhəng infrastruktur qurğusunun fəaliyyətə başlaması ilə ildə 780 milyon kubmetr qaza və 650 min ton mazuta qənaət etmək mümkündür. Stansiya ildə 6 milyard kilovat/saat elektrik enerjisi istehsal etməyə imkan verəcəkdir. Mütəxəssislərin hesablamalarına görə, stansiya öz dəyərini maksimum 4 ilə tam ödəyəcəkdir.

Azərbaycan Prezidentinə məlumat verildi ki, sutəmizləyici stansiya da ən müasir avadanlıqla təchiz edilmişdir. Stansiyanın Kür çayından götürülən xam su məhsuldarlığı saatda 430 kubmetrdir.

Bildirildi ki, stansiyaya lazım olan əsas avadanlıq dünyanın 70-ə yaxın aparıcı şirkətindən alınmışdır. Bununla yanaşı, bir çox zəruri avadanlıq, o cümlədən metal konstruksiyalar, körpülü kranlar, borular, mazut çənləri və digər avadanlıq yerli “Azenco” şirkəti tərəfindən hazırlanmışdır.

Prezident İlham Əliyev stansiyanın idarəetmə mərkəzində yaradılan şəraitlə tanış oldu. Məlumat verildi ki, bu mərkəzdə stansiyanın idarə olunması, müşahidə kameraları ilə qurğunun ərazisinə nəzarət həyata keçirilir. Stansiyanın bütün avadanlığının qoşulub-açılması da buradan idarə olunur.

Dövlətimizin başçısı “Cənub” Elektrik Stansiyasını işə saldı.

Sonra Prezident İlham Əliyev şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

 

Azərbaycan Prezidenti İlham Əliyevin

çıxışı

 

- Əziz dostlar!

Bu gün çox gözəl və əlamətdar bir gündür. Şirvan şəhərində “Cənub” Elektrik Stansiyası işə başlayır. Bu əlamətdar hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm. Bu stansiyanın tikintisində iştirak etmiş bütün vətəndaşları salamlayıram, onlara minnətdarlığımı bildirirəm.

Bu stansiya müstəqillik dövründə tikilmiş ən böyük elektrik stansiyasıdır. 780 meqavat gücündə olan stansiya Azərbaycanın enerji potensialını gücləndirəcək, imkan verəcəkdir ki, ölkə iqtisadiyyatı bundan sonra da uğurla inkişaf etsin. Çünki elektrik stansiyalarının fəaliyyəti ümumi inkişafa təkan verir.

Son 10 il ərzində Azərbaycanda 14 elektrik stansiyası tikilmişdir. Ümumi stansiyaların sayı isə 23-dür. On il ərzində təxminən üç min meqavat gücündə stansiyalar tikilmişdir və hazırda ümumi generasiya gücümüz 6 min meqavatdır.

Bu stansiyada ən son texnologiyalar tətbiq edilmişdir, ən müasir standartlara cavab verir. Deyə bilərəm ki, bu, bölgənin ən müasir stansiyasıdır və burada quraşdırılmış bütün avadanlıq ən yüksək səviyyədədir. Sevindirici hal ondan ibarətdir ki, stansiyanın tikintisində Azərbaycan mütəxəssisləri işləmişlər, Azərbaycan şirkətləri bu stansiyanı tikmişlər. Bu da zəmanənin əlamətidir. İlk illərdə biz daha çox xarici şirkətlərə üz tuturduq, onları bu işlərə cəlb edirdik. Amma indi Azərbaycan şirkətləri belə nəhəng obyektləri tikə bilirlər və tikirlər də.

Əminəm ki, bu stansiyanın fəaliyyəti nəticəsində bölgə qarşısında, ölkə qarşısında duran bütün vəzifələr icra ediləcəkdir. Çünki Azərbaycanda gedən uğurlu inkişaf, sənayeləşmə prosesi diktə edir ki, bizdə generasiya gücləri yaradılsın. Əgər son 10 il ərzində 14 elektrik stansiyası tikilməsə idi, biz bu gün indiki iqtisadi inkişafa nail ola bilməzdik. Çünki Azərbaycanda hər il çoxlu sayda yeni müəssisə tikilir, yeni zavodlar, fabriklər açılır və beləliklə, ölkənin sürətli inkişafı təmin edilir. Generasiya gücləri, əlbəttə ki, bütün bu inkişafın təməlində durmalıdır və Azərbaycanda istehsal edilən enerji tələbatdan həmişə artıq olmalıdır. Bu gün bu, belədir. Bu gün bizdə hələ ehtiyat vardır ki, sənayenin inkişafı davam etsin. Eyni zamanda, yeni stansiyaların tikintisi də nəzərdə tutulur. Gələn illərdə 2 min meqavat gücündə olan yeni stansiyalar tikilməlidir.

Eyni zamanda, biz bərpa olunan elektrik enerjisinin yaradılması ilə ciddi məşğuluq. Su elektrik stansiyaları tikilir, günəş elektrik stansiyalarının tikintisi nəzərdə tutulur və beləliklə, Azərbaycanda enerji sektorunda bütün məsələlər uğurla inkişaf edir və uğurla öz həllini tapır.

Azərbaycanın inkişafı dünya miqyasında artıq bir reallıqdır. Bu inkişaf son 10 il ərzində özünü daha da çox göstərmişdir. Bu ilin 5 ayında qeyri-neft sektorumuz daha çox sənaye müəssisələrinin fəaliyyəti hesabına 11 faiz artmışdır. Əlbəttə, generasiya güclərinin yaradılması və inkişafı ümumi inkişafımıza xidmət göstərir.

Bununla bərabər, Azərbaycan hazırda elektrik enerjisini qonşu ölkələrə də ixrac edir və əlbəttə, bu da bizim iqtisadi gücümüzü artırır.

Energetika hər bir ölkənin əsas sahəsidir. Energetika inkişaf etmədən heç bir ölkə inkişaf edə bilməz. İnkişaf üçün mütləq generasiya gücləri lazımdır. Biz bu gücləri yaradırıq və yaradacağıq. Bununla bərabər, hazırda biz daha çox ötürücü xətlərə, paylayıcı şəbəkələrə diqqət yetiririk. Çünki generasiya gücləri yarandıqdan sonra əlbəttə ki, diqqət bu istiqamətə yönəldilməlidir. Biz bunu edirik ki, enerji məsələləri tam şəkildə həllini tapsın.

Ümumiyyətlə, Azərbaycanda enerji təhlükəsizliyi məsələləri uğurla icra edilir. Biz bütün vəzifələri ardıcıllıqla icra edirik. Bu gün Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, enerji təhlükəsizliyini özü 100 faiz təmin edir. Bu, təbii resursların işlənməsi sahəsində özünü büruzə verir, eyni zamanda, generasiya güclərinin yaradılması da bu istiqamətdə bizə kömək göstərir.

Enerji təhlükəsizliyi məsələləri hər bir ölkə üçün böyük əhəmiyyət daşıyır. Hər bir ölkə çalışmalıdır ki, enerji təhlükəsizliyini təmin etsin. Bunsuz inkişaf mümkün deyildir. Bunsuz müstəqil inkişaf mümkün deyildir. Azərbaycan nəinki öz enerji təhlükəsizliyini təmin edib, eyni zamanda, digər ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində də öz rolunu oynayır. Bu yaxınlarda qəbul edilmiş qərarlar Azərbaycanı dünya miqyasında, qlobal müstəvidə çox ciddi tərəfdaşa çevirir. Azərbaycan öz enerji resurslarını artıq neçə ildir ki, dünya bazarlarına çıxarır. Gələcəkdə təbii ehtiyatlarımızın dünya bazarlarına çıxarılması üçün əlavə imkanlar yaranır.

Bu, o deməkdir ki, Azərbaycan bundan sonra uzun illər ərzində öz iqtisadi gələcəyini təmin edir. Azərbaycanın uzunmüddətli və dayanıqlı inkişafı üçün şərait yaradılır. Azərbaycanın dünyadakı rolu artır və yeri möhkəmlənir. Bu, ölkəmizin gücünü artıracaqdır. Çünki biz enerji siyasətimizi uğurla aparırıq və bu siyasət bəhrəsini verməkdədir. Biz bu siyasətdən əldə edilmiş gəlirləri bütün başqa sahələrə yönəldirik.

Bu stansiyanın tikilməsi də enerji siyasətimizin təzahürüdür. Düzdür, bu stansiyanın tikilməsində xarici banklar və fondlar bizə dəstək olmuşlar. Ancaq əgər Azərbaycanın güclü maliyyə və iqtisadi imkanları olmasaydı, biz bu kreditləri ala bilməzdik. Amma bununla bərabər, indi biz özümüz kreditlər veririk və Azərbaycanın maliyyə vəziyyəti çox möhkəmdir.

Biz bundan sonra da bütün işləri ardıcıllıqla görəcəyik. Azərbaycanın uğurlu inkişafı artıq reallıqdır, heç kimdə şübhə doğurmur. Azərbaycan hətta dünyanı bürümüş böhran illərində də öz inkişafını təmin etmişdir, inamla irəliyə getmişdir, insanların rifah halı yaxşılaşır, iqtisadiyyat artır. İqtisadiyyatın bütün sektorları inkişafdadır. Şaxələndirmə siyasəti öz nəticəsini verməkdədir. Beləliklə, uğurlu inkişaf üçün bütün imkanlar vardır. Sadəcə olaraq gələn illərdə də biz bu ardıcıl siyasəti aparmalıyıq. Biz bütün sahələrdə, o cümlədən enerji sahəsində yeni təşəbbüslər irəli sürəcəyik, yeni addımlar atacağıq ki, uzunmüddətli dayanıqlı inkişafı təmin edək.

Bu stansiyanın tikilməsi özlüyündə gözəl rəmzi xarakter daşıyır və onu göstərir ki, müstəqil Azərbaycan dövləti böyük işləri görməyə qadirdir. Bu stansiyanın işə salınması ilə biz demək olar ki, standartlara cavab verməyən bütün köhnə stansiyaları artıq dayandırırıq. Stansiyanın iqtisadi cəhətdən böyük səmərəsi vardır. Burada sərfiyyat əvvəlki stansiya ilə müqayisədə təxminən iki dəfə azdır və bu da ölkə iqtisadiyyatına böyük dəstək olacaqdır.

Mən bu gün bütün energetikləri xüsusi salamlamaq istəyirəm. Azərbaycanda energetika sahəsinə çox böyük diqqət göstərilir və mən Prezident kimi 2004-cü ildən başlayaraq bu sahəni daim diqqət mərkəzində saxlamışam. Bütün bölgələrdə modul tipli elektrik stansiyaları, böyük elektrik stansiyaları tikilmişdir. Əlbəttə, bu istiqamətdə dövlət siyasəti çox açıqdır, aydındır, birmənalıdır. Ancaq mən energetiklərin fəaliyyətini xüsusilə vurğulamaq istəyirəm. Çünki qısa müddət ərzində bu istiqamətdə çox böyük islahatlar aparılmışdır. Energetiklərin peşəkarlığı artmışdır. Azərbaycanda müasir texnologiyalar tətbiq edilir və bu texnologiyaları Azərbaycan mütəxəssisləri tətbiq edirlər. Stansiyaların işlədilməsində Azərbaycan mütəxəssisləri iştirak edirlər. Bu, kadr hazırlığı üçün də böyük dəstəkdir və bütün bu işləri görən energetiklər, inşaatçılar yüksək qiymətə layiqdirlər. Nəzərə alsaq ki, planlarımız çoxdur, Azərbaycanda texnoparklar tikilir, Bakıda, Sumqayıtda, Gəncədə və Mingəçevirdə böyük texnoparklar tikiləcəkdir, hələ energetiklər üçün işlər çox olacaqdır. Biz stansiyaları tikəcəyik, Azərbaycanın iqtisadi inkişafını təmin edəcəyik. Əminəm ki, bundan sonra da bu gözəl tədbirlərdə sizinlə bərabər iştirak edəcəyik.

Eyni zamanda, bu gün Şirvan şəhərinin inkişafı ilə bağlı bir neçə kəlmə söz demək istərdim. Şirvan şəhərinin inkişafı təmin edilir. Bu gün növbəti açılışlar olacaqdır. Mən dəfələrlə Şirvan şəhərində olmuşam. Əvvəllər də burada sosial obyektlər, zavodlar tikilmişdir. Bu gün də Şirvan üçün çox vacib olan içməli su layihəsi icra ediləcəkdir. Biz bunun açılışını qeyd edəcəyik. Böyük Olimpiya İdman Kompleksi, hərbi zavodlar açılır. Əvvəlki dövrlərdə Diaqnostika Mərkəzi açılmışdır. Yəni, Şirvan şəhərinin uğurlu inkişafı üçün hər şey edilir və əminəm ki, burada işlər bundan sonra da yaxşı gedəcəkdir.

Bir daha, əziz dostlar, bu gözəl hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm. Sizə cansağlığı, uğurlar arzulayıram. Sağ olun.

X X X

Sonra “Azərenerji” ASC-nin prezidenti Etibar PİRVERDİYEV çıxış edərək dedi:

- Möhtərəm cənab Prezident!

Hörmətli xanımlar və cənablar!

Bu gün Azərbaycanın müstəqil elektrik enerjisi sisteminə malik olması vaxtilə ümummilli liderimiz Heydər Əliyevin həyata keçirdiyi siyasətin nəticəsidir.

Məhz Ulu Öndərin rəhbərliyi altında həm sovet dövründə, həm də müstəqillik illərində bir neçə iri elektrik stansiyasının, on minlərlə kilometr elektrik xətlərinin istifadəyə verilməsi bugünkü uğurların təməlini qoymuşdur.

Möhtərəm cənab Prezident!

Siz enerji müstəqilliyimizin daha da möhkəmləndirilməsini, ölkə əhalisinin və iqtisadiyyatının tələbatını tamamilə ödəməklə yanaşı, elektrik enerjisinin ixrac potensialının yaradılmasını energetiklər qarşısında vəzifə kimi qoymuşdunuz.

Bunun nəticəsidir ki, 10 il əvvəl ölkədə mövcud olan enerji çatışmazlığı respublikanın müxtəlif bölgələrində rekord qısa müddətdə elektrik stansiyalarının inşası nəticəsində tamamilə aradan qaldırıldı. Sahibkarlığın, kiçik biznesin, ümumiyyətlə, bütün iqtisadiyyatın inkişafı üçün möhkəm zəmin yaradıldı.

Möhtərəm cənab Prezident!

Sizin Sərəncam və tapşırıqlarınız əsasında son 7 il ərzində Azərbaycanın elektrik enerjisi sistemində bu gün işə saldığımız “Cənub” Elektrik Stansiyası da daxil olmaqla 14 yeni elektrik stansiyası istismara verilmişdir. 2006-cı ildə Sizin tərəfinizdən Astarada yeni elektrik stansiyası işə salındıqdan sonrakı hər bir ildə iki yeni elektrik stansiyası tikilib istifadəyə verilmişdir. Bu, Azərbaycanın elektrik energetikası tarixində rekord bir göstəricidir. Nəticədə 1500 meqavat, “Cənub” Elektrik Stansiyası ilə birlikdə isə 2300 meqavat yeni, tam yeni generasiya gücləri əldə edilmişdir.

Möhtərəm cənab Prezident!

Siz çıxışlarınızda dəfələrlə qeyd etmişdiniz ki, bütün sahələrdə yeni texnologiyaların tətbiqi müasir dövrün tələbidir. Sizin dəyərli tövsiyələrinizi nəzərə alaraq, yeni enerji obyektlərinin tikintisində ən müasir və qabaqcıl texnologiyalar tətbiq edilmişdir. Bunun nəticəsində respublikanın elektrik enerjisi sistemində təkcə kəmiyyət cəhətdən deyil, eyni zamanda, keyfiyyət cəhətdən də ciddi inkişafa nail olunmuşdur. Stansiyaların faydalı iş əmsalı artmış, ekoloji təmizlik prinsiplərinə əməl olunmuşdur. Belə ki, hər kilovat/saat elektrik enerjisinin istehsalına sərf olunan yanacağın miqdarı 415 qramdan sistem üzrə 315 qrama qədər, yəni 25 faiz azaldılmışdır. Bu isə hər il təqribən 2 milyon ton şərti yanacağa qənaət etməyə imkan vermişdir.

Məlum olduğu kimi, 7 enerji blokundan ibarət “Şirvan” İstilik Elektrik Stansiyası 1962-ci ildə istismara verilmişdi. Əlli ildən artıq istismar olunan bu stansiya fiziki və mənəvi cəhətdən tam köhnəlmişdir. Bir kilovat elektrik enerjisinin istehsalına 450 qramdan artıq yanacaq istifadə olunur. Son illər stansiya qoyuluş gücünün 45-50 faizi həddində istismara imkan verirdi.

Möhtərəm cənab Prezident!

Sizin Sərəncamınızla inşa edilmiş və bu gün şəbəkəyə qoşduğumuz “Cənub” Elektrik Stansiyası haqqında qısa məlumat vermək istərdim.

Stansiyanın ümumi gücü 780 meqavat təşkil edir. Burada dörd qaz turbini, iki buxar turbini, dörd qazan-utilizator, altı generator və digər avadanlıq quraşdırılmışdır. Stansiyaya lazım olan əsas avadanlıq dünyanın 70-ə yaxın aparıcı şirkətlərinin istehsalıdır.

Tikintidə istifadə olunan bir çox zəruri avadanlıq ilk dəfə olaraq respublikamızın zavodlarında istehsal edilmişdir. Bununla yanaşı, bütün tikinti-quraşdırma və sazlama işləri ilk dəfə olaraq Azərbaycan mütəxəssisləri tərəfindən “açar təhvili” şərti ilə həyata keçirilmişdir. Stansiyanın tikintisində 1500-dək işçi və yüzlərlə texnika çalışmışdır.

İstehsal olunan elektrik enerjisini şəbəkəyə ötürmək məqsədilə respublikada ilk dəfə olaraq 330 və 220 kilovoltluq tam qapalı yarımstansiyalar quraşdırılmış, müvafiq gərginlikdə kabel xətlərindən istifadə edilmişdir.

Möhtərəm cənab Prezident!

Stansiyanın iqtisadi səmərəliliyi haqqında da məlumat vermək istərdim. “Cənub” Elektrik Stansiyasının faydalı iş əmsalı 52 faiz, bir kilovat elektrik enerjisinin istehsalına sərf olunan şərti yanacağın miqdarı 237 qram təşkil edəcəkdir. Bu stansiyanın istismara verilməsi sayəsində ildə orta hesabla 700 milyon kubmetrdən çox qaza qənaət ediləcəkdir. Mütəxəssislərin hesablamalarına görə, təbii qazın qənaəti hesabına təqribən 4-5 ilə stansiya öz dəyərini ödəyəcəkdir. “Cənub” Elektrik Stansiyası ildə 6 milyard kilovat/saat elektrik enerjisi istehsal etmək imkanındadır.

Elektrik stansiyasının ərazisində üçmərtəbəli 29 mənzilli qonaq evi, ikimərtəbəli 28 otaqlı mehmanxana tikilib istifadəyə verilmişdir. Eyni zamanda, mövcud stansiyanın ərazisində əvvəllər məskunlaşmış əhali üçün Şirvan şəhərinin mərkəzində beşmərtəbəli 60 mənzilli yaşayış binası da tikilərək istifadəyə verilmişdir.

Möhtərəm cənab Prezident!

Siz bugünkü çıxışınızda energetiklər haqqında dediyiniz sözləri biz bir etimad kimi qəbul edirik və söz veririk ki, hazırda davam etdirilən digər enerji obyektləri də yüksək keyfiyyətlə inşa edilib istifadəyə veriləcəkdir. Sağ olun.

X X X

Şəhər ictimaiyyətinin nümayəndələri adından çıxış edən Tofiq HÜSEYNOV Şirvanın inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına təşəkkür edərək dedi:

- Möhtərəm cənab Prezident!

Hər bir azərbaycanlı kimi biz də Sizin dəyərli fəaliyyətiniz, xalqımızın rifahı naminə gördüyünüz misilsiz işlər nəticəsində ölkəmizin əldə etdiyi nailiyyətlərə ürəkdən sevinirik. Sizin rəhbərliyiniz altında dövlətimiz artıq sübut etdi ki, müstəqil yaşamağa qadirdir. Siz ölkəmizin iqtisadi gücünü, hərbi qüdrətini bütün dünyaya hərbi paradda bir daha nümayiş etdirdiniz. Azərbaycanımızın bu inkişafına, bu qüdrətinə görə hər bir dünya azərbaycanlısı kimi mən də Sizə “Çox sağ olun!” deyirəm.

Bu gün isə açılışında iştirak etdiyimiz bu nəhəng, valehedici layihə - “Cənub” Elektrik Stansiyası Azərbaycan dövlətinin qüdrətinin daha bir göstəricisidir.

Möhtərəm cənab Prezident!

Şirvan ulu öndərimiz Heydər Əliyevin diqqəti ilə bir şəhər kimi formalaşaraq respublikanın sənaye mərkəzlərindən birinə çevrilmişdir. Ulu Öndərin tapşırığı ilə burada məişət cihazları, dəmir-beton məmulatı, kərpic, süni dəri, saxsı boru, şirə, yeyinti konsentratları zavodları və digər istehsal müəssisələri inşa edilmişdir.

İndi isə Sizin rəhbərliyinizlə Şirvan ən müasir şəhərlərdən birinə çevrilməkdədir. Sakinlərimizin layiqli həyat yaşamaları üçün bütün tələbatları ödənilmişdir. Şəhərimizdə göz oxşayan, bizə dinclik-rahatlıq gətirən tikililər, tibb ocaqları, məktəblər, yeni iri sənaye müəssisələri yaradılmış, park və xiyabanlar, nümunəvi məhəllələr salınmışdır. Bu barədə iftixar hissi ilə, şirvanlı qüruru ilə çox danışmaq olar.

Eyni zamanda, şəhər infrastrukturunun inkişafı da diqqətinizdən yayınmamışdır. Şirvan Mərkəzi Xəstəxanası əsaslı təmir olunmuş, qabaqcıl avadanlıqla təchiz edilmiş, Diaqnostika Mərkəzi istifadəyə verilmişdir. Heç bir şirvanlı ağlına belə gətirə bilməzdi ki, burada ciddi cərrahiyyə əməliyyatları keçiriləcəkdir. Cənab Prezident, yeganə arzum budur ki, kaş ki, burada şəfa tapan insanların alqışlarını və Sizə olan minnətdarlıq dualarını özünüz eşidəydiniz.

İndiyədək şəhərimizin düz yarısı içməli sudan korluq çəkirdi. Bu gün şəhərimizi içməli su ilə təmin edirsiniz. Bu müqəddəs əməli həyata keçirməklə Siz şəhər sakinlərinə yeni sağlam və firavan həyat bəxş edirsiniz. Şirvan sakinləri şəhər həyatı üçün vacib olan fasiləsiz enerji və qazla da təmin olunmuşlar.

Möhtərəm cənab Prezident!

Bu gün şəhərimizin sənaye potensialı da inkişaf etməkdədir. Müasir sənaye müəssisələri yaradılır, yeni iş yerləri açılır. Xüsusi vurğulamaq istəyirəm ki, yüzlərlə gənc hərbi sənaye müəssisələrində çalışır, yeni peşələrə yiyələnirlər və bu sahədə əldə olunmuş nailiyyətlərə öz töhfələrini verirlər. Şəhərimizdə bu gün gənclərimizin sağlam ruhda böyümələrinə xidmət edəcək möhtəşəm Olimpiya İdman Kompleksi də istifadəyə verilir. Bu müasir tikili də şəhərin görkəminə xüsusi gözəllik verir. Gənclərimizin müasir peşələrə maraqlarını, ictimai fəallığını artıracaq Gənclər Mərkəzinin tikintisi də başa çatmaq üzrədir. Bu, bir daha göstərir ki, Siz Azərbaycanın gələcəyi olan gənc nəslin sağlam, təhsilli, ümumilikdə hərtərəfli inkişafını da daim düşünürsünüz.

Yaxşı xatirimizdədir. 2010-cu ildə Şirvana səfəriniz zamanı söyləmişdiniz ki, “Şirvan ölkəmiz üçün Bakıdan sonra çox vacib sahəni əhatə edən ikinci şəhər olacaqdır”. Bütün bu nəhəng layihələrin şəhərimizdə həyata keçirilməsi Sizin bu fikirlərinizin reallığa çevrilməsini sübut edir. Beləliklə, Şirvan üçün bu əlamətdar gündə Siz sakinlərimizə nur, yeni həyat, sağlam ruh, rahat yaşayış bəxş edirsiniz. Bir sözlə, bu gün Şirvanda əsl şəhər həyatı yaşanır. Bunu bizə Siz verdiniz! Çox sağ olun, cənab Prezident! Biz şirvanlılara göstərdiyiniz bu diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımızı bildiririk. Əminliklə deyirik ki, cənab Prezident, Sizin gərgin əməyiniz və yorulmaz fəaliyyətiniz sayəsində digər bölgələrlə yanaşı, Şirvanda da həll olunmamış böyük problem qalmamışdır.

Möhtərəm cənab Prezident!

Siz bir nursunuz. Bir ziyalı kimi düşünürəm ki, indi Vətəninə, xalqına bağlı olan hər bir azərbaycanlı qəlbində bir istək yaşadır - Sizin işığınızla bu işlərin davam etdirilməsi istəyini. Harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı Sizin bayrağınız altında doğma Vətənimizin daha da gücləndirilməsi üçün öz töhfələrini vermək arzusundadır. Çünki Siz güclü Azərbaycanımızın qarantısınız. Biz Sizə inanır, Sizə güvənir və gələcəyimizi yalnız Sizinlə bağlayırıq! Qoy, Ulu Tanrı Sizi, ailənizi və xalqımızı qorusun.

X X X

Sonda xatirə şəkli çəkdirildi.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Şirvanda “Cənub” Elektrik Stansiyası istismara verilmişdirPrezident İlham Əliyev açılışda iştirak etmişdir VİDEO

“Axios”: Zelenski Vitkoff və Kuşnerlə telefon danışığı aparıb

Lefkoşa: Fransa ilə imzalanan saziş regional balansa xələl gətirir

ABŞ “Alibaba”, BYD, “Nio” və digər Çin texnologiya şirkətlərini qara siyahıya salıb

Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyəti barədə fikir mübadiləsi aparılıb

Təranə Yusifova: Səməd Vurğunun poeziyası Azərbaycan musiqisində daim yaşayır

BDU-nun nəzdində “Gənc istedadlar” liseyi 2026/2027-ci tədris ili üçün 7-ci sinfə şagird qəbulu elan edir

Cəlal Hüseynov: San-Marinoya qarşı asan oyun olmayacaq

Almaniya və Fransa gələcəyin döyüş təyyarəsi layihəsi üzrə işləri dayandırmaq qərarına gəliblər

Ayxan Abbasov: Bizə qələbə lazımdır

Sərbəst güləş üzrə aşağı yaş qruplarından ibarət milli komandaların tərkibi yenidən formalaşdırılıb

Arazda batan şəxsin axtarışları üçün çayda suyun səviyyəsi endirilib - YENİLƏNİB-2 VİDEO

Arazda batan şəxsin axtarışları üçün çayda suyun səviyyəsi endirilib - YENİLƏNİB-2 VİDEO

Mançester Universiteti: Maqmanın ifrat qızması vulkan püskürmələrini daha qəfil və dağıdıcı edir

İlmələrdə yaşayan yaddaş: Bakıda beynəlxalq qobelen sərgisi

“Şamaxı”nın yay hazırlıq planı məlum olub

Naxçıvanda insan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu müzakirə olunub YENİLƏNİB VİDEO

Naxçıvanda insan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu müzakirə olunub YENİLƏNİB VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniya əmək bazarında tarixi geriləmə - daimi işçi qəbulu kəskin azalıb

Türkiyə kəşfiyyat xidmətinin rəhbəri Qahirədə Qəzza üzrə danışıqlarda iştirak edib

Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər

Azərbaycan ilə Vyetnam arasında məhkəmə və prokurorluq sahələrində əlaqələr genişləndirilir

“Qarabağ” Maksim Medvedev və daha iki mütəxəssislə müqaviləni yeniləyib – EKSKLÜZİV

Deputat: Uşaqların internetdə müdafiəsi ilə bağlı dəyişikliklər cəmiyyətin sifarişidir

Azərbaycan Sloveniyada keçirilən Bled Su Forumunda təmsil olunub

“Bir pəncərə” informasiya sistemi Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumunda təqdim olunub

Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib

Pakistan 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştiraka dəvət olunub

Uşaqların rəqəmsal savadlılığının artırılması vacibdir - PSİXOLOQ

ADAU-da aparılmış səmərəlilik auditi çərçivəsində əldə olunan nəticələr diqqətə çatdırılıb

Serbiyanın idman naziri Azərbaycana gəlib

Hacıqabulda baş verən yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Hacıqabulda baş verən yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Türkiyə XİN: Azərbaycan ilə Ermənistan arasında yekun sülh sazişinin imzalanacağını ümid edirik

® “Bakcell” yeni baş icraçı direktor təyinatını elan edib

Veteran futbolçu: Dünya çempionatında Braziliyanı favorit hesab edirəm

Milli Məclisdə ictimai dinləmə: Sosial şəbəkələrlə bağlı yeni qanun layihəsi müzakirə olunub

Bakı Türkoloji Qurultayının 100 illiyi Varşavada qeyd olunub

Maşınqayırma, mexaniki və hidravlik sistemlər sahələrini əhatə edən yeni dövlət standartı qəbul ediləcək

Gürcü politoloq: Orta Dəhliz və enerji əməkdaşlığı regionun gələcəyini müəyyən edən əsas amillərdir

Panama Respublikasının Prezidenti Xose Raul Mulino Kinterodan

Türk ekspert: Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığı Qafqazın gələcək inkişaf modelini müəyyənləşdirir

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda görüşüblər YENİLƏNİB VİDEO

“Şəfa”nın yeni mövsüm üçün hazırlıq planı müəyyənləşib

Roberto Mançini İtaliya millisinin yeni baş məşqçisi olacaq

Cari ilin qalan dövrü ərzində dünya bazarında neft 81-100 dollara satılacaq

Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək

® “AccessBank” taksi xidməti tenderi elan edir

Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

Niyazinin mənzil-muzeyində “Melodiyaların palitrası” adlı konsert olub

Mustafa Söğüt: Azərbaycanın enerji diplomatiyası ölkəni regionun strateji əməkdaşlıq mərkəzlərindən birinə çevirib

Uşaqların sosial şəbəkələrdə qeydiyyatına yaş məhdudiyyətinin tətbiqi rəqəmsal təhlükəsizliyi gücləndirəcək - ŞƏRH

Qızıl investisiya cəlbediciliyini qismən itirir

“Yüksəliş”in qalibləri “Ədibin Evi”ndə qədim irsimiz və idarəçilik ənənələrini öyrəniblər

Maka Boçorişvili: Gürcüstan, Türkiyə və Azərbaycan birgə əməkdaşlığa nümunədir

İsrail Donald Trampın xahişi ilə İrana hücumları dayandırıb

Bu il övladlığa verilən uşaqların sayı açıqlanıb

Türkiyə, Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin iştirakı ilə İstanbul Bəyannaməsi qəbul edilib

Nazir: Azərbaycan-Türkiyə-Gürcüstan layihələrinin fəaliyyətində bir gün belə fasilə yaranmayıb

Rəqəmsal platformalar uşaqların təhlükəsizliyi üçün daha çox məsuliyyət daşımalıdır ŞƏRH

Kimya İnstitutunda beynəlxalq seminar: innovativ batareya texnologiyaları

İran hərbçiləri İsrailə qarşı əməliyyatların dayandırıldığını elan ediblər

Qazaxıstan və “Shell” yeraltı sərvətlərin kəşfiyyatı üçün rəqəmsal layihəyə başlayır

“Turan Tovuz”un məşqçisi: CAS-ın qərarının xeyrimizə olacağına inanırıq

Oman yaxınlığında Vaşinqtonun sanksiyaları altında olan tanker vurulub

Elektrik skuterlərdə uşaqların xəsarət alması hallarının artması İsveç həkimlərində narahatlıq doğurur

DİM-də hazırlıq kursları təşkil olunub

“Tekro” Respublika Texniki Olimpiadasının qalibləri mükafatlandırılıb

Azərbaycan üçün süni intellekt sahəsində ən böyük fürsət biznes proseslərinin optimallaşdırılmasıdır - ŞƏRH

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi haqqında” 2015-ci il 23 iyul tarixli 571 nömrəli, “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” 2018-ci il 19 dekabr tarixli 413 nömrəli, “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” 2019-cu il 27 iyun tarixli 759 nömrəli və “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2019-cu il 23 dekabr tarixli 897 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan mətbəxi Salonikidə keçirilən beynəlxalq qida festivalında təqdim olunub

R.M.Fətəliyevin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Üçüncü rübdə yanacağa daha çox ehtiyac yaranır

“Heydər Əliyev məktəbi” layihəsi başa çatıb

Yunis Hüseynov: Millimiz C Liqasına qayıtmaq məcburiyyətindədir

Assosiasiya sədri: Gələcəyin peşələri sürətlə dəyişir

® “GRAND CEO Breakfast” - dövlət və özəl sektorun yeni əməkdaşlıq platforması

İsveçrəlilər əhalinin sayının 10 milyon nəfərlə məhdudlaşdırılmasına səs verəcəklərmi?

Milli Məclisin sədri Vyetnamı Qoşulmama Hərəkatının Parlament Şəbəkəsində fəal iştiraka dəvət edib

Baş nazir Əli Əsədov Vyetnamın Baş prokuroru ilə görüşüb

Coğrafiyaşünas-alim: Yağıntıların artması nəticəsində sürüşmə zonaları genişlənib

Yeni qanun layihəsi uşaqların rəqəmsal təhlükəsizliyinin təmin olunmasına xidmət edir ŞƏRH

Azərbaycan parfümeriya xammalı Fransada: “Lecheq” “SIMPPAR 2026”da

® “Vistar” Mükəmməllik Mərkəzinin üçüncü təlim dalğasına qeydiyyat başlayıb

DİN: Novxanıda gizli narkobunker aşkarlanıb VİDEO

DİN: Novxanıda gizli narkobunker aşkarlanıb VİDEO

Məsud Pezeşkian: İran danışıqlar masasından geri çəkilməyib

Rəşad Rəsullu: İnanıram ki, idmançılarımız Avropa çempionatında Azərbaycan cüdosunun gücünü nümayiş etdirəcəklər VİDEO

Rəşad Rəsullu: İnanıram ki, idmançılarımız Avropa çempionatında Azərbaycan cüdosunun gücünü nümayiş etdirəcəklər VİDEO

BŞTİ: Məktəblilərə insan hüquqları və hüquqi dövlət prinsipləri aşılanır

Maka Boçorişvili: Azərbaycanla Ermənistan arasındakı müsbət dinamika regionda sülhə xidmət edəcək

Bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı hava şəraiti davam edəcək – XƏBƏRDARLIQ

Mayda elektrik enerjisi istehsalının 33 faizi bərpaolunan mənbələrin payına düşüb

ADY: Ötən ay 1,6 milyon tondan çox yük daşınıb

Goranboyda yol qəzası zamanı 2 nəfər ölüb, 3-ü xəsarət alıb

Hakan Fidan: Türkiyə-Ermənistan normallaşma prosesi Azərbaycanla sıx koordinasiya şəraitində davam edir

Qlobal mənzil böhranı artıq gələcəyin deyil, bu günün problemidir - ŞƏRH

Britaniya dövlət borcunun artım tempinə görə dünyada ikinci yerdədir

AMEA-da akademik Vəli Axundovun 110 illik yubileyi qeyd olunub

Böyük Britaniyanın Baş naziri 16 yaşdan kiçik uşaqlar üçün “zərərli” sosial medianı qadağan edəcək

Azərbaycanda bu günə qədər 888 uşaq övladlığa verilib

Avropa İttifaqı İrana qarşı yeni sanksiya tətbiq edib

BMU-da Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbər heyəti ilə görüş olub

Vyetnamın Baş prokurorunun rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya işgüzar səfərə gəlib