CƏMİYYƏT
Şirvanda ov tüfəngindən atəş açaraq həyat yoldaşını öldürən şəxsin cinayət işinin ibtidai istintaqı tamamlanıb
![Şirvanda ov tüfəngindən atəş açaraq həyat yoldaşını öldürən şəxsin cinayət işinin ibtidai istintaqı tamamlanıb](/files/2022/2/1200x630/16572696645023720545_1200x630.jpg)
Bakı, 8 iyul, AZƏRTAC
Şirvan şəhər prokurorluğunda 2022-ci il fevralın 18-də 1982-ci il təvəllüdlü Xəyalə Abiyevanın qəsdən öldürülməsi faktı üzrə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.
Prokurorluqdan AZƏRTAC-a bildirilib ki, Abiyev Elnur Mətləb oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı həyat yoldaşı Xəyalə Abiyevaya övladının gözü qarşısında ov tüfəngi ilə bir dəfə atəş açaraq hadisə yerindən qaçdığı, sonuncuya tibbi yardımın göstərilməsinə baxmayaraq aldığı xəsarətdən xəstəxanada öldüyü müəyyən edilib.
Bundan əlavə, Elnur Abiyevin tutularaq istintaqa cəlb edilməsindən ötrü Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı sonuncu polis əməkdaşlarına da ov tüfəngi ilə atəş açaraq onları öldürməyə cəhd edib.
Elnur Abiyevə Cinayət Məcəlləsinin 120.2.4, (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 29, 120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməyə cəhd), 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və digər maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.