Şirvanda yüksək bal toplayan məzunlar mükafatlandırılıb
Şirvan, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC
Şirvanda qəbul imtahanlarında yüksək bal toplayaraq ali məktəblərə qəbul olan məzunlarla görüş keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüşdə çıxış edən şəhər icra hakimiyyətinin başçısı İlqar Abbasov ölkəmizdə Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu təhsilin inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Bildirib ki, bu il Şirvan şəhər ümumtəhsil müəssisələrindən 492 nəfər ali təhsil müəssisələrinə sənəd verib, 333 nəfər müxtəlif ali təhsil müəssisələrinə qəbul olub. Onlardan 13 nəfər 600-700 arası bal toplayıb, həmçinin Şirvan şəhər Kimya-biologiya təmayüllü liseydən 17 nəfər 600-dən yuxarı bal toplayaraq ali məktəblərə qəbul olub.
Çıxış edən deputat Heydər Əsədov təhsilin inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın təhsil sisteminin müasir tələblərə cavab verəcək şəkildə daim yeniləndiyini, ali təhsil müəssisələrimizin beynəlxalq reytinqlərdə mövqeyinin ildən-ilə yüksəldiyini qeyd edib.
Tədbirdə iştirak edən məzunlar onlara göstərilən diqqət və qayğıya görə təşəkkür edərək, gələcək planlarından söz açıblar. Qəbul imtahanlarında yüksək nəticə göstərən məzunlara fəxri fərman və hədiyyələr təqdim olunub.