SİYASİ SABİTLİK ALMANLARIN SUMQAYIT İQTİSADİYYATINA SƏRMAYƏ QOYMASINA STİMUL YARADIR
“Biz Sumqayıtda öz fəaliyyətimizi genişləndirmək niyyətindəyik” - “Az-BEHV GmbH & Co.KG” şirkətinin baş meneceri Albert Saks bu sözləri AZƏRTAC-ın müxbiri ilə söhbətində demişdir. Onun sözlərinə görə, Azərbaycanda qərarlaşmış siyasi sabitlik, qeyri-neft sektorunun inkişafına birinci dərəcəli əhəmiyyət verilməsi, ölkə iqtisadiyyatının Avropa standartlarına istiqamətlənməsi Azərbaycanın biznes mühitini əcnəbi investorlar üçün cəlbedici edir.
Şirkətin törəmə müəssisələri - beton və konstruksiyalar istehsal edən “Az Saks beton Ltd” zavodu və inşaat avadanlıqları satışı üzrə ixtisaslaşmış “Az Saks CST Ltd” firması düz bir il bundan əvvəl Sumqayıtda fəaliyyətə başlamışdır. Baş menecerin sözlərinə görə, bu müəssisələrə qoyulmuş sərmayənin ümumi həcmi 3 milyon avroya bərabərdir. 2 hektar sahədə tikilmiş, istehsal gücü ayda 10 min kubmetr olan beton zavodu sırf şirkətin vəsaiti hesabına yaradılmışdır. A.Saks vurğuladı ki, zavodda modernləşdirilmiş alman avadanlıqlarından və texnologiyalarından istifadə edilir. Gələcəkdə zavodun istehsal gücünü ildə 300 min kubmetrə çatdırmaq nəzərdə tutulur. Markasına görə deyil, təyinatına görə təsnif edilən yüksək keyfiyyətli beton tikinti şirkətlərinə “MAN-KARRENA” firmasının istehsal etdiyi müasir betondaşıyan maşınlarla çatdırılır.
Bu günlərdə Sumqayıt İcra Hakimiyyətinin başçısı Vaqif Əliyevlə görüşdə əməkdaşlığın perspektivləri müzakirə edilmişdir. Albert Saks AZƏRTAC-ın müxbiri ilə söhbətində demişdir: “Gələcəkdə biz Sumqayıtda beton texnologiyaları üzrə Akademiya təşkil etmək niyyətindəyik”.
######
