REGİONLAR
Siyəzəndə torpaqların kəmiyyət və keyfiyyət göstəricilərinin uçotu aparılıb VİDEO
Siyəzən, 22 iyun, Elxan Yusifli, AZƏRTAC
Ölkə ərazisində həyata keçirilən Torpaqların Elektron Kadastr Uçotu işlərinin nəticələri Siyəzən rayonunda keçirilən tədbirdə təqdim olunub. Bu günə qədər bu layihənin icrası 7 rayonda yekunlaşıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə iyunun 22-də Siyəzəndə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keçirilən ictimai təqdimat zamanı məlumat verilib.
“Siyəzən rayonunun inzibati sərhədləri daxilində aparılmış torpaqların elektron kadastr uçotu işinin nəticələri və təhlili” mövzusunda keçirilən təqdimatda komitənin tabeli qurumlarının, aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarının, bələdiyyələrin nümayəndələri iştirak edib.
Tədbir çərçivəsində uçot işinin nəticəsi olaraq hazırlanmış Siyəzən rayonunun bələdiyyə, relyef, meyillilik xəritələri, həmçinin torpaqların bonitirovka və iqtisadi qiymətləndirmə xəritələri nümayiş etdirilib.
Təqdimat zamanı çıxış edənlər komitə tərəfindən uçot işinin praktiki istifadəsi reallaşan rayonlarda görülən işlər barədə ətraflı məlumat verib bu layihənin nəticələri, üstünlükləri və gələcək perspektivləri müzakirə olunub.
Bildirilib ki, Torpaqların Elektron Kadastr Uçotunun həyata keçirilməsi nəticəsində Siyəzən rayonundakı torpaqların ümumi həcmində bələdiyyə, dövlət torpaqlarının payları müəyyənləşdi. Eləcə də vətəndaşlara məxsus özəl torpaqların xüsusi çəkisi hesablandı. Layihənin həyata keçirilməsi bölgədə bələdiyyə, relyef, meyillilik xəritələri də tərtib edilməsini mümkün edir. Eyni zamanda, torpaqların müqayisəli qiymətləndirilməsini, bonitirovkasını həyata keçirməyə imkan verən xəritələr də mütəxəssislər tərəfindən hazırlanıb. Reallaşan uçot işləri Siyəzən rayonunun bələdiyyə hüdudları daxilində torpaq islahatına cəlb edilmiş 55,8 min hektar torpaq sahəsinin mövcudluğunu öyrənməyə imkan verib. Bəlli olub ki, 38,8 min hektar bələdiyyə, 7,1 min hektar dövlət, 9,9 min hektar özəl torpaqların payına düşür. Bələdiyyə hüdudları daxilindəki torpaq sahələrinin 40,9 min hektara yaxını (73 faizi) kənd təsərrüfatına yararlı torpaqlardır ki, bunun da 10,9 min hektarını əkin sahələri təşkil edir. Torpaq islahatı aparılan zaman rayon üzrə çoxillik əkmələr 2 min hektar olduğu halda, elektron uçot aparılan zaman bu ərazilərdə çoxillik əkmələr faktiki azalaraq 0,14 min hektar olub. Uçot işləri zamanı müəyyən edilib ki, torpaq payı almış ailələrdən 4,2 minə yaxının torpaq ölçüləri 1 hektaradəkdir. Bu da onu göstərir ki, torpaq sahələrinin konsolidasiyasına, birləşməsinə ehtiyac var.
Layihənin reallaşdığı müddət ərzində Siyəzən rayonunda torpaqların kəmiyyət göstəriciləri ilə bərabər, keyfiyyət göstəricilərinin də uçotu aparılıb. Bu istiqamətdə aparılan işlərdən əldə olunan nəticələr təhlil olunub. Eləcə də, torpaqların iqtisadi qiymətləndirilməsi və bonitirovkası ilə bağlı məlumat bazasının yaradılması rayon ərazilərindən kənd təsərrüfatı sahəsində istifadəni səmərəli edir. Yay otlaqlarının geobotanik, torpaqların isə eroziya xəritələrinin tərtib edilməsi, ərazilərin münbitliyini, torpaqların isə şorlaşmaya məruz qaldığını müəyyən etməyə imkan verir. Belə xəritələr kəndliyə torpağı hansı fermer təsərrüfatına cəlb edəcəyi ilə bağlı düzgün planlama üçün yardım edir.
Kadastr uçotu işləri nəticəsində bələdiyyələrin hesabında olan torpaqların da hansı ərazidə yerləşməsi, sahəsi, sərhədləri barədə dəqiq məlumatlar müəyyən olunub. Eyni zamanda sakinlərin istifadəsində olan faktiki ərazi və qanuni sənədlərdə göstərilən sahə arasında olan mövcud fərqlər aradan qaldırılır.
Təqdimatın sonunda layihənin praktiki nəticələri və istifadəsi ilə bağlı iştirakçıların sualları mütəxəssislər tərəfindən cavablandırılıb.