Slovakiya Aİ-nin Ukraynaya 50 milyard avroluq yardım proqramını dəstəkləyəcək
Bakı, 27 yanvar, AZƏRTAC
Slovakiya Avropa İttifaqının Ukraynaya 50 milyard avro ayrılmasını nəzərdə tutan proqramını dəstəkləyəcək.
AZƏRTAC xəbər verir ki, Slovakiyanın Baş naziri Robert Fitso bu barədə TASR agentliyinin televiziya kanalına müsahibəsində ukraynalı həmkarı Denis Şmıqalla görüşünün nəticələrini şərh edərkən bildirib.
Hökumət başçısının fikrincə, Denis Şmıqalla danışıqlar praqmatik xarakter daşıyıb. O qeyd edib ki, Ukraynanın Baş naziri yaxın vaxtlarda Slovakiyaya səfər edəcək və burada ikitərəfli layihələrin həyata keçirilməsi məsələsi müzakirə olunacaq.
Slovakiyanın baş naziri həmçinin bildirib ki, münaqişənin hərbi yolla həllinin mümkün olmadığı barədə Bratislavanın mövqeyini Ukrayna tərəfinə çatdırıb. “Biz müharibəni dəstəkləməyəcəyik, Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı problem var”, - deyə o vurğulayıb.
Baş nazirin sözlərinə görə, Slovakiya namizəd dövlətlər üçün qoyulan bütün şərtlərə riayət etmək şərti ilə Ukraynanın Avropa İttifaqına üzvlük planlarını dəstəkləyir.
Qeyd edək ki, bir müddət öncə, Robert Fitso Avropa İttifaqının Ukraynaya 50 milyard avro ayıracağı təqdirdə müharibənin uzanacağını və iştirakçılar üçün mənfi nəticələrə gətirib çıxaracağını söyləyirdi.