Slovakiyada “Moxovtse” AES-in yeni reaktorlarının xəttə qoşulması təxirə salınıb
Vyana, 7 may, AZƏRTAC
Slovakiyanın “Moxovtse” Atom Elektrik Stansiyasının (AES) üçüncü və dördüncü reaktorlarının xəttə qoşulması təxirə salınıb.
AZƏRTAC xəbər verir ki, AES-in operatoru olan “Slovenske Elektrarne” şirkəti təxirəsalmanın Avstriya tərəfindən qaldırılmış etirazla bağlı olduğunu bildirib. Avstriya tərəfinin iddialarına əsasən, bu ilin iyun ayında fəaliyyətə başlamalı olan hər iki reaktorun tikintisi, təhlükəsizliyi və texniki avadanlıqlarında ciddi qüsurlar mövcuddur. Buna görə də Slovakiyanın Nüvə Nəzarəti İdarəsi bu iddialarla bağlı yoxlamalar aparmalı olacaq.
Avstriyanın Federal Kansleri Sebastian Kurts və ekologiya naziri Elizabet Köstinqer isə Avstriya sərhədindən cəmi 100 kilometr məsafədə yerləşən AES-in, eyni zamanda, Beynəlxalq Atom Enerjisi Agentliyinin ekspertləri tərəfindən də yoxlanmalı olduğunu tələb ediblər. Bunun üçün Slovakiya hökumətinin dəvətinin vacibliyini nəzərə alaraq, E.Köstinqer müvafiq razılığa gəlmək üçün Slovakiya tərəfinə müraciət edəcəklərini bildirib.
Slovakiyanın Baş naziri Peter Pelleqrini isə avstriyalı həmkarının mövqeyini sərt tənqid edərək, onu Avstriyanın qonşuluğundakı bütün nüvə enerjisi istehsal edən ölkələrə “müqəddəs müharibə” elan etməkdə günahlandırıb. Onun sözlərinə görə, S.Kurts öz səlahiyyətlərini aşaraq, qonşu dövlətin suverenliyi və müstəqil qərarlar vermə səlahiyyətinə müdaxilə edir.
Avstriya tərəfi isə təhlükəsizliklə bağlı bütün tərəddüdlər aradan qalxanadək reaktorların fəaliyyətinə əngəl törədəcəyini bildirib. Avropa İttifaqının Rumıniyada keçiriləcək Zirvə toplantısında Kurts və Pelleqrini arasında bu mövzuda ayrıca görüşün keçiriləcəyi gözlənilir.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana