SOCAR-ın idarə və müəssisələrində Dünya Mülki Müdafiə gününə həsr olunan tədbirlər keçirilib
Bakı, 1 mart, AZƏRTAC
1 mart - Dünya Mülki Müdafiə günü ilə əlaqədar SOCAR-ın idarə və müəssisələrində tədbirlər keçirilib.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Azneft” İstehsalat Birliyində “Mülki müdafiə və müasir dövr” mövzusunda keçirilən maarifləndirici tədbirdə birliyin baş direktorunun əməyin mühafizəsi üzrə müavini Cəlair Səmədov əhalinin mühafizəsinin təşkilini, fövqəladə hallar zamanı əhalinin hazırlığının təmin edilməsi kimi məsələlərin mülki müdafiə orqanları qarşısında duran əsas vəzifələrdən biri olduğunu diqqətə çatdırıb. Fövqəladə hallar zamanı davranış qaydalarının, mülki müdafiə sahəsində mükəmməl vərdiş və biliklərə yiyələnmənin əhəmiyyəti vurğulanıb.
Tədbirdə Dünya Mülki Müdafiə gününün yaranma tarixindən bəhs olunub, təbii fəlakətlər və texnogen qəzaların təsnifatı, işçilərin təhlükəsizliyinin təmin edilməsində və maddi itkilərin qarşısının alınmasında mülki müdafiə tədbirlərinin əhəmiyyəti, personalın mülki müdafiəyə hazırlığı barədə söz açılıb. Qeyd olunub ki, 2015-ci ildə birliyin Hərbiləşdirilməmiş Mülki Müdafiə qüvvələrindən 193 nəfəri SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin “Qala” Təlim-Tədris Mərkəzində mülki müdafiə kurslarında iştirak edib. Bu il isə daha 169 neftçinin həmin kurslarda iştirakı planlaşdırılır.
“Azəriqaz” İstehsalat Birliyində “həyəcan siqnalı”nın verilməsi ilə başlanan tədbirdə yanğın, qəza və digər fövqəladə hallar zamanı işçilərin binanı tərk etməsində funksional vəzifələrinin icrasına baxış keçirilib. Birliyin baş direktorunun müavini Ruslan Əliyev mülki müdafiə orqanları qarşısında duran əsas vəzifələrdən danışıb, fövqəladə halların qarşısının alınması istiqamətində həyata keçirilən zəruri tədbirləri sadalayıb. Tədbirdə mülki müdafiə sisteminin özəlliklərindən, bu sahədə görülən işlərdən bəhs olunub, “Mülki müdafiə və müasir dövr” mövzusunda mühazirə oxunub. Fərdi mühafizə vasitələrinin və kimyəvi ölçü cihazlarının sərgisi təşkil edilib. Sonda mövzuya uyğun maarifləndirici video materiallar nümayiş olunub.
Qaz Emalı Zavodunda Dünya Mülki Müdafiə günü ilə bağlı keçirilən iclasda fövqəladə vəziyyəti yaradan səbəblərin aradan qaldırılması, mülki müdafiə üzrə xəbərdarlıq və toplanış məşqləri barədə ətraflı məlumat verilmiş və video-çarxlar nümayiş etdirilib. Bu sahədə maarifləndirmə və təbliğat işinin gələcəkdə daha da gücləndirilməsinin əhəmiyyəti vurğulanıb. Zаvоdun 2016-cı il üzrə mülki müdafiə sahəsində tədbirlər planına əsasən, fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə qüvvələrinin idarə olunmasının təşkili, xəbərdarlıq və toplanış məşqlərinin, təxliyə məşqlərinin keçirilməsi nəzərdə tutulub.
Şirkətin Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində fövqəladə hallar zamanı davranış qaydaları, özünə və digərlərinə ilkin tibbi yardımın göstərilməsi, eləcə də mülki müdafiə sahəsində mükəmməl vərdiş və biliklərə yiyələnmək məqsədilə “Mülki müdafiə və müasir dövr” mövzusunda toplantı keçirilib. “Həyəcan siqnalı”nın verilməsi başlayan tədbirdə İdarənin bütün şəxsi heyəti 4 dəqiqə ərzində binadan təxliyə olunub, yanğınsöndürmə balonları haqqında məlumat verildikdən sonra praktiki olaraq yanğının söndürülmə qaydaları nümayiş etdirilib. Tədbirin keçirilməsində əsas məqsəd rabitə və xəbərdarlıq sisteminin, fövqəladə hallar zamanı mülki müdafiə qüvvələrinin xəbərdarlıq və toplanış üzrə hazırlıq vəziyyətinin yoxlanılması olub.