İQTİSADİYYAT
SOCAR: TAP-ın işə salınması ilə Azərbaycanın təbii qaz ixracı ötən il əhəmiyyətli dərəcədə artıb
![SOCAR: TAP-ın işə salınması ilə Azərbaycanın təbii qaz ixracı ötən il əhəmiyyətli dərəcədə artıb](/files/2022/1/1200x630/16427730701048463272_1200x630.jpg)
Bakı, 21 yanvar, AZƏRTAC
Trans-Adriatik boru kəmərinin (TAP) işə salınması ilə Azərbaycanın təbii qaz ixracı ötən il əhəmiyyətli dərəcədə artıb.
SOCAR-dan AZƏRTAC-a bildirilib ki, bu çərçivədə 2021-ci ildə Azərbaycandan Avropaya 8,15 milyard kubmetr, Türkiyəyə isə 8,5 milyard kubmetr qaz ixrac edilib.
Qeyd edək ki, TAP boru kəməri Cənub Qaz Dəhlizinin Avropa hissəsini təşkil edir. 878 kilometr uzunluğa malik bu kəmər Türkiyə-Yunanıstan sərhədində TANAP-a birləşir. Boru kəməri Avropada Yunanıstan, Albaniya və Adriatik dənizinin altından keçərək İtaliyanın cənubunda bitir.
TAP Cənub Qaz Dəhlizinin Avropa qolu, Azərbaycandan Avropa bazarlarına 10 milyard kubmetr yeni qaz tədarükünü həyata keçirəcək qovşaq layihəsidir. TAP Yunanıstan (550 kilometr), Albaniya (215 kilometr) əraziləri, Adriatik dənizinin dibi ilə (105 kilometr) keçərək İtaliya sahillərinə (8 kilometr) çıxır. TAP səhmdarları 2013-cü ilin sonunda layihənin inkişafı və tikintisi haqqında qərar qəbul edib.
Kəmər 2020-ci ilin dekabrında istifadəyə verilib.