SON BİR İLDƏ ABŞ DOLLARINA NİSBƏTDƏ MANATIN BİRJA MƏZƏNNƏSİ 6,69 FAİZ MÖHKƏMLƏNMİŞDİR
Valyuta bölməsi hərraclarının ümumi dövriyyəsində bağladıqları əqdlərin payına müvafiq surətdə Azərbaycan Beynəlxalq Bankı, “Bank of Baku” Səhmdar-Kommersiya Bankı, “Azəriqazbank” Səhmdar-İnvestisiya Bankı, “Rabitəbank” Səhmdar-Kommersiya Bankı və “Qoçbank –Azərbaycan” Qapalı Tipli Kommersiya Bankı Birja valyuta bazarının lider bankları olmuşlar.
Martda BBVB-nin valyuta bölməsinin hərraclarında cəmi 25 bank iştirak etmişdir. Hesabat ayında Elektron Hərraclarının Birja Sistemində (EHBS) 40 ticarət sessiyası keçirilmiş, 83 əqd qeydə alınmışdır. Hərracların həcmi ABŞ dollarına nisbətdə 60 milyon 506 min AZN, yaxud 66,495 milyon ABŞ dolları təşkil etmişdir. AVR və RUR üzrə əqdlərin həcmi 79,459 min manat olmuşdur. Valyuta bölməsində hərracların həcmi ötən ayla müqayisədə 23,818 milyon dollar, yaxud 55,81 faiz artmışdır. Yanvar-mart aylarının yekunlarına əsasən, BBVB-də xarici valyuta ilə hərracların həcmi 164,877 milyon manat təşkil etmişdir ki, bu da ötən ilin birinci rübündə qeydə alınmış əqdlərin həcmindən 33,48 faiz azdır.
Milli valyutanın birja məzənnəsi hesabat ayında 0,47 faiz möhkəmlənərək, bir dollar üçün 0,9128–0,9085 AZN olmuşdur. Nəticədə manatın orta hesablanmış məzənnəsi mart ayında ABŞ dollarına nisbətdə 0,9099 manat təşkil etmişdir, halbuki fevralın yekunlarına əsasən, həmin göstərici 0,9136 AZN-ə bərabər idi. Bütövlükdə milli valyutanın birja məzənnəsi son bir ildə ABŞ dollarına nisbətdə 6,69 faiz möhkəmlənmişdir.