ELM VƏ TƏHSİL
SON MƏNZİLƏ
Dekabrın 13-də respublikamızın ictimaiyyəti müasir Azərbaycan memarlığının görkəmli nümayəndəsi, Azərbaycan Memarlar İttifaqının prezidenti, əməkdar memar, Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının akademiki İlham İsmayıl oğlu Əliyevi son mənzilə yola salınmışdır.
Mərhumun cənazəsi Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının səhnəsində postament üzərində qoyulmuşdu. Postamentin ətrafında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin, habelə respublika Memarlar İttifaqı, müxtəlif nazirliklər və baş idarələr adından əklillər düzülmüşdü.
Salonda matəm musiqisi səslənirdi. Görkəmli mədəniyyət, incəsənət xadimləri və memar həmkarları fəxri qarovulda dayanır, İlham Əliyevə son borclarını verirdilər.
Matəm mərasimini baş nazirin müavini Abid Şərifov açdı. Mərasimdə Bəstəkarlar İttifaqının birinci katibi, xalq artisti Vasif Adıgözəlov, Memarlar İttifaqının vitse-prezidenti Əli İsmayılov, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Gülcöhrə Məmmədova, mərhumun dostları və həmkarları çıxış etdilər.
Natiqlər dedilər ki, İlham Əliyev müasir Azərbaycan memarlığının təşəkkülünə və inkişafına sanballı töhfə vermişdir. O, istedadlı gənc mütəxəssislərin bütöv bir nəslini yetişdirmişdir, istər Azərbaycandakı, istərsə də xaricdəki həmkarları arasında böyük hörmətə malik idi. İlham Əliyev uzun müddət MDB ölkələri Memarlar İttifaqlarının Beynəlxalq Assosiasiyasına başçılıq etmişdir. O, həmin vəzifədə işləyərkən xarici dövlətlərin memarları ilə yaradıcılıq və dostluq əlaqələrinin inkişafına və möhkəmlənməsinə böyük töhfə vermişdir. İlham Əliyev Vətənə sədaqəti, təvazökarlığı, aydın məqsədliliyi, öz zəngin təcrübəsini dostları ilə həmişə bölüşməyə hazır olması ilə fərqlənirdi.
Memarın oğlu Zaur Əliyev mərasimdə çıxış edərək, atasının yaradıcılığına yüksək qiymət verdiyinə, onun xatirəsinə hörmət və ehtiramına görə Azərbaycan Prezidenti Heydər Əliyevə dərin minnətdarlığını bildirdi, vida mərasiminə toplaşanlara təşəkkür etdi.
X X X
Matəm mərasimi başa çatdıqdan sonra mərhumun cənazəsi Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının binasından Fəxri xiyabana aparıldı. Burada mərhumun ruhuna dua oxundu. İlham İsmayıl oğlu Əliyevin cənazəsi doğma torpağa tapşırıldı. Məzarın üstünə əklillər və gül dəstələri qoyuldu.
Görkəmli sənətkar, gözəl alim, əsl ziyalı və xeyirxah insan İlham İsmayıl oğlu Əliyevin əziz xatirəsi xalqımızın qəlbində həmişə yaşayacaqdır.
Allah rəhmət eləsin, qəbri nurla dolsun!