Sosial-İqtisadi Kollecdə Ulu Öndərə həsr olunmuş tədbir: “Əbədiyaşar lider”
Bakı, 10 may, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Sosial-İqtisadi Kollecdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilmiş “Əbədiyaşar lider” adlı tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a kollecdən məlumat verilib. Bildirilib ki, əvvəlcə iştirakçılar tələbələrin və müəllimlərin əl işlərindən ibarət sərgi ilə tanış olublar.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın və Vətən şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Kollecin müəllimləri Nazim Cahangirovun “Azərbaycan”, “Tələbəlik”, Cəvahir Tanrıverdinin “Könül”, “Sən bu xalqın dayağı”, Aynur Ağamalıyevanın “Təbriz”, “Bu torpaq sənindir” şeirləri səsləndirilib.
Həmçinin tələbələr Səliqə Soltanova, Nazənin Abdullayeva, Səbinə Yarıyeva, Məryəm Əhmədzadə, Aydan Ələkbərova və Ramal Məmmədov müəllimlərinin Ulu Öndərə həsr etdikləri şeirləri oxuyublar.
Tədbir bədii hissə ilə davam edib.