Sosial könüllülər tənha ahılları ziyarət ediblər
Şərur, 9 aprel, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Gənclər Fondunun birgə təşkilatçılığı ilə sosial könüllülərin Şərur rayonunda sosial xidmət göstərilən tənha ahılların evlərinə ziyarətləri təşkil olunub.
Muxtar respublikanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, könüllülər onlara məişət işlərində kömək göstərib, təmizlik işləri aparıb, həyətyanı sahələrdə meyvə ağacları əkiblər. Ahıl vətəndaşlar onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, muxtar respublikanın ahıl sakinləri dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatə olunub. Hazırda tənha yaşayan və hərəkət qabiliyyəti məhdud olan ahıl vətəndaşlardan 285 nəfərə evlərində, 5 nəfərə isə Ahıllar Evində sosial xidmətlər göstərilir. Yaxın qohumu ilə eyni yaşayış məntəqəsində yaşamayan və kənar şəxslərin qulluğuna ehtiyacı olan tənha ahıllara mütəmadi olaraq evlərində baş çəkilir, zəruri məişət işlərində kömək göstərilir. Ahıl insanların sağlamlıqlarının qorunması, tibbi reabilitasiyası da diqqət mərkəzində saxlanılır, onlar vaxtaşırı həkim müayinəsindən keçirilir.
Artıq ahıllarla təşkil olunan tədbirlərdə sosial könüllülərin də iştirakının təmin edilməsi ənənə halını alıb. Şərur rayonunda sosial xidmət göstərilən tənha ahılların evlərinə sosial könüllülərin ziyarətlərinin təşkili həyata keçirilən tədbirlərin davamıdır.