Sosial Xidmət mərkəzlərinin benefisiarları və valideynlər üçün master-klaslar təşkil edilib
Bakı, 18 sentyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ağdam rayonunun Quzanlı qəsəbəsində yerləşən Sosial Xidmət Mərkəzində sosial reabilitasiya xidmətlərindən bəhrələnən əlilliyi olan uşaqlar və onların valideynlərinin iştirakı ilə görüş keçirilib.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, sosial inklüzivliyi və ailə dəstəyini təşviq etmək məqsədi daşıyan tədbir çərçivəsində uşaqlar üçün müxtəlif əyləncəli və inkişafetdirici oyunlar, həmçinin onların sosial bacarıqlarının gücləndirilməsi və aktiv şəkildə ətraf mühitlə tanış olmaları üçün tədbirlər təşkil edilib.
Valideynlərin cəlb olunduğu daha bir görüş isə Yasamal Sosial Xidmət Mərkəzində keçirilib. Qrup terapiyasında valideynlər art-terapiyanın bir növü olan keramika sənətinə uyğun müxtəlif fiqurlar hazırlayıblar.
Silsilə şəkildə təşkil edilən qrup terapiyaları və master-klaslar valideynlər və azyaşlılar arasında sağlam ünsiyyət, ailə dinamikası, fərdi-psixoloji sağlamlığa töhfə vermək, eyni zamanda, uşaqların şəxsi inkişafına nail olmaq məqsədi daşıyır.
Təşkil edilən tədbirlərdə iştirakçıların stres və emosional yükləri azalmaqla yanaşı, valideynlərə konfliktlərin idarəolunması, ünsiyyət bacarıqları, uşaqlarla düzgün münasibət qurmaq, stresin idarəedilməsi kimi həyati bacarıqlar öyrədilir.