Sovet qoşunu Azərbaycan xalqının azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi VİDEO
Xaçmaz, 18 yanvar, Elxan Yusifli, AZƏRTAC
20 Yanvar hadisələri Azərbaycan xalqının azadlıq və ərazi bütövlüyü uğrunda mübarizə tarixinin şanlı səhifələrindən biridir. Azadlıq yolunda canından keçmiş 20 Yanvar şəhidi, Xaçmaz sakini Zahid Abdullayev Qanlı Yanvar hadisələri zamanı zavoddakı iş yoldaşları ilə birlikdə meydanda etiraz səsini ucaldanlar arasında idi. Həmin gecə onu evdə gözləsələr də, o, evə qayıtmadı. Faciənin səhəri ailəsi onun şəhid olduğunu öyrəndi…
İki oğul, bir qız atası olan şəhid Xaçmaz rayonunun Uzunoba kəndində dəfn edilib. Kənddəki orta məktəb onun adını daşıyır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yanvarın 18-də Xaçmazdakı Heydər Əliyev Mərkəzində keçirilən anım mərasimində Zahid Abdullayev, eləcə də bütün qəhrəman Vətən övladlarının xatirəsi yad edilib.
Mərasimdə Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının sədr müavini Abbasyar Heydərov, Heydər Əliyev Mərkəzinin direktoru Könül Əskərova çıxış edərək, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun Bakıda və Azərbaycanın digər şəhər və rayonlarında törətdiyi qırğınlardan danışıblar. Bu tarixin Azərbaycan xalqının qan yaddaşına yazılan qəhrəmanlıq salnaməsi olduğu bildirilib. Vurğulanıb ki, həmin gecə dinc və günahsız insanların sovet qoşunları tərəfindən amansızlıqla qətlə yetirilməsinə baxmayaraq, bu hadisələr xalqımızın azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi.
Tədbir iştirakçıları Xaçmaz Rayon Uşaq İncəsənət Məktəbinin şagirdlərinin əl işlərindən ibarət “Qan yaddaşımız” mövzusunda sərgiyə baxıblar.