SOYDAŞLARIMIZ STRASBURQDA ETİRAZ AKSİYASI KEÇİRMİŞLƏR
Strasburqun müxtəlif ali məktəblərində təhsil alan azərbaycanlı tələbələr, burada yaşayan soydaşlarımız və Dünya Azərbaycanlıları Konqresinin nümayəndələri Ermənistanın ölkəmizin ərazilərini işğal etməsi ilə bağlı dekabrın 19-da Avropa Parlamentinin binası qarşısında etiraz aksiyası keçirmişlər.
AZƏRTAC-ın Parisdəki müxbiri xəbər verir ki, 100 nəfərdən artıq adamın iştirak etdiyi aksiyada Ermənistanın təcavüzkar siyasətini pisləyən, işğal edilmiş ərazilərimizin tezliklə qeyd-şərtsiz azad olunması və Avropa ölkələrinin işğalçı dövlətə qarşı qəti tədbirlər görmələri barədə çağırışlar səslənmiş, parlamentin deputatlarına vərəqələr paylanmışdır.
Vərəqələrdə Ermənistanın ölkəmizə təcavüzü nəticəsində 50 min nəfərdən artıq azərbaycanlının həlak olması, ərazilərimizin 20 faizinin işğal edilməsi, erməni hərbi birləşmələri tərəfindən doğma ocaqlarından zorla çıxarılmış 1 milyon qaçqın və məcburi köçkünün çadır şəhərciklərində ağır şəraitdə yaşaması, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağın və onun ətrafındakı 7 rayonun işğalı nəticəsində 1000-dən artıq sənaye obyektinin, 600 məktəbin, 250 səhiyyə ocağının dağıdılması, ekoloji tarazlığın pozulması, münaqişəni sülh yolu ilə həll etməyi öhdəsinə götürən ATƏT-in Minsk qrupunun fəaliyyətində hələlik bir dönüşün olmaması, BMT-nin Təhlükəsizlik Şurasının işğal edilmiş ərazilərimizin tezliklə azad olunması barədə 822, 853, 874 və 884 nömrəli qətnamələrinə Ermənistanın etinasızlıq göstərməsi, Azərbaycanın haqq işinin beynəlxalq təşkilatlar və Avropa dövlətləri tərəfindən dəstəklənməsi tələbi və xahişi öz əksini tapmışdır.
Xocalı faciəsi ilə bağlı növbəti aksiyanı fevral ayında keçirmək qərara alınmışdır.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris