SU BASMIŞ RAYONLARDA DEZİNFEKSİYA İŞLƏRİ DAVAM EDİR
Səhiyyə Nazirliyinin mütəxəssisləri su basmış Salyan, Neftçala, Saatlı və Sabirabad rayonlarında, Əli Bayramli şəhərində dezinfeksiya işlərini davam etdirirlər. Nazirlikdən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, hazırda bu rayonlarda təxminən 180 tibb briqadası fəaliyyət göstərir. Bağırsaq infeksiyaları və malyariya ağcaqanadının çoxalması üçün əlverişli yer olan bataqlıqlar əhalinin sağlamlığı üçün xüsusilə təhlükə törədir. Hökümət vəziyyətin ciddiliyini nəzərə alaraq, müvafiq vaksinlər almaq və profilaktika tədbirləri görmək üçün 500 milyon manat ayırmışdır.