Sudanın şimalı və cənubu arasında mübahisəli bölgədə 54 nəfər öldürülüb
Bakı, 30 yanvar, AZƏRTAC
Sudan və Cənubi Sudan dövlətləri arasında mübahisəli bölgədə rəqib icmalar arasında gedən döyüşlərdə 54 nəfər həlak olub. AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, öldürülən şəxslərin ikisi BMT-nin sülhməramlı qüvvələrinin əsgərləridir.
BMT bazar ertəsi günü münaqişə tərəflərini sakitliyə çağırıb. Sudanın yerli hakimiyyət orqanlarının məlumatına görə, hər iki ölkənin sərhədində yerləşən neftlə zəngin mübahisəli ərazi olan Abyeidə silahlı toqquşmalar qısa fasilələrlə davam edir.
Birləşmiş Millətlər Təşkilatının Abyei Müvəqqəti Təhlükəsizlik Qüvvələri (UNISFA) "mülki əhaliyə və sülhməramlılara qarşı bu hücumları şiddətlə qınadığını" bildirib. Məlumatda bildirilib ki, “yerli hakimiyyət orqanlarının məlumatına görə, 52 mülki vətəndaş həyatını itirib, 64 nəfər isə ağır yaralanıb”. Sülhməramlılar isə bazar günü “yaralanan mülki şəxsləri UNISFA bazasından xəstəxanaya apararkən” atəşə tutulublar. Həlak olanlardan biri Pakistan vətəndaşıdır.
Sudan və Cənubi Sudan arasında yerləşən Abyei 2011-ci ildən bəri mübahisəli ərazi hesab olunur. Burada tez-tez başıpozuq silahlı dəstələrin mülki şəxslərə qarşı hücumları baş verir.