“Süfrə” jurnalının dördüncü nömrəsi işıq üzü görüb
Bakı, 10 iyun, AZƏRTAC
Qida təhlükəsizliyi və qida sektoru ilə bağlı ən aktual məlumatları özündə əks etdirən Qida Təhlükəsizliyi İnstitutunun mətbu orqanı olan “Süfrə” elmi-kütləvi jurnalının dördüncü nömrəsi çapdan çıxıb.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, jurnalın növbəti sayında da qida mövzusunda müxtəlif oxucu kateqoriyası üçün maraqlı məlumatlar, qida təhlükəsizliyi ilə bağlı ölkəmizdə aparılan elmi araşdırmalar, qida məhsulları alarkən diqqət yetirilməli məsələlərlə əlaqədar maarifləndirici yazılar dərc edilib.
Jurnalın “Obyektiv” rubrikasında Kənd Təsərrüfatı naziri İnam Kərimovla son illər Azərbaycanda aparılan uğurlu aqrar islahatlar nəticəsində kənd təsərrüfatı məhsullarının istehsalı və ixracında müşahidə olunan müsbət dinamika barədə müsahibə verilib. “Həkim sözü” rubrikasında həkim Sevinc Zaman diyetologiya ilə nutrisiologiyanın əsas tələblərindən bəhs edib, sağlam qidalanmağın bir çox sirlərini açıqlayıb. Jurnalın “Bələdçi” rubrikasında qida sənayesindəki yeniliklər, maraqlı kəşflər barədə məlumat, həmçinin immun sistemini gücləndirən qidalar, yoluxucu xəstəliklərdən qorunmaq barədə tövsiyələr, alış-verişdən sonra əməl edilməsi vacib olan gigiyena qaydaları təqdim olunub. “Qida Akademiyası” rubrikasında “Qatqı maddələri, yoxsa qida əlavələri?” və “Pendirin faydası və zərəri” sərlövhəli məqalələr oxuculara təqdim edilir.
“Süfrə”nin yeni nömrəsində milli qidalarımızdan Bilgəh zəfəranı, Abşeron zeytunu, qeyri-adi Ərzuman küftəsi barədə dolğun məlumatlar verilib. “Laboratoriya” rubrikasında gündəlik qida rasionumuzda vacib yer tutan kərə yağının tərkibi və keyfiyyətini yoxlatmaq qaydasından bəhs edilir. “Axırıncı aşırım” kinosundan maraqlı süfrə səhnələri isə “Kinomenyu” rubrikasında təqdim olunur.
Dünyanın əksər ölkələrinin iqtisadiyyatının inkişafında turizm sektoru xüsusi yer tutur. “Mətbəx turizmi” başlıqlı məqalədə mətbəx turizminin inkişafı üçün imkanlardan, eləcə də region mətbəximizi tanıtmağın vacibliyindən bəhs edilir. “Bizdə yoxdur” rubrikasında dünyanın məşhur gəmi-restoranları haqqında məlumat verilir.
“Sağlamlıq məktəbi” rubrikasında dərc olunmuş məqalədə uşaqlarda meyvə-tərəvəzlə qidalanma normaları barədə dolğun məlumat yer alıb. Həmçinin “Fərqli qida” rubrikasından ənginarın sağlamlıq üçün faydasından bəhs olunur.
“Lifehack” rubrikasında kişilər üçün ekstremal məsləhətlərdən, “Texno” rubrikasında isə sağlamlığın keşiyində duran tətbiqlərdən faydalanmaq mümkündür. “Tarixdən” rubrikasında Azərbaycanda çay mədəniyyəti barədə maraqlı məlumatlar əks olunub.
“Süfrə” jurnalının dördüncü nömrəsini əldə etmək istəyənlər (012) 565-12-72 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.