SİYASƏT
Sülhməramlıların 20 avtomobili aksiya ərazisindən sərbəst keçib
Şuşa, 6 mart, Elmir Səftərov, AZƏRTAC
Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidən maneəsiz hərəkət edirlər.
AZƏRTAC xəbər verir ki, bu dəqiqələrdə Xankəndidən Laçın istiqamətinə gedən Rusiya sülhməramlılarına məxsus beş minik, bir hərbi təyinatlı və doqquz təminat-təchizat avtomobilinin aksiya ərazisindən maneəsiz keçidinə şərait yaradılıb. Bundan əlavə, sülhməramlıların beş təminat-təchizat avtomobili Xankəndiyə gedib.
Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər. Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.