Sumqayıt ağsaqqalları şəhərin ictimai-siyasi həyatında fəal iştirak edirlər
Sumqayıt, 21 dekabr, Ətrabə Rzayeva, AZƏRTAC
Dekabrın 20-də Sumqayıt Şəhər Ağsaqqallar Şurasının VIII hesabat-seçki konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə konfransın gündəliyi təsdiq edilib və hesabat məruzəsi dinlənilib.
Sonra Sumqayıt Şəhər Ağsaqqallar Şurasının sədri Müzəffər Gülümov rəhbərlik etdiyi qurumun ötən dövr ərzində gördüyü işlər barədə ətraflı məlumat verib.
Qeyd olunub ki, son illərdə Sumqayıtda bütün sahələrdə görülmüş işlər, qazanılmış nailiyyətlər аğsаqqаllаrın, ahıl vətəndaşların sosial vəziyyətinin əhəmiyyətli dərəcədə yахşılаşmаsınа səbəb olub. Onlar hər cür dövlət qayğısı ilə əhatə olunublar.
Məruzə ətrafında çıxışlarda Sumqayıt şəhərində həyata keçirilən tikinti-quruculuq işlərinə, əldə olunan nailiyyətlərə, həmçinin ağsaqqallara göstərilən qayğıya görə dövlətimizin başçısına dərin minnətdarlıq ifadə olunub.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Ağsaqqallar Şurasının fəaliyyətini yüksək qiymətləndirib, quruma fəaliyyətində uğurlar arzulayıb. Ağsaqqallar Şurasının üzvlərinin Sumqayıtın ictimai-siyasi həyatında fəal iştirak etdiyini vurğulayan Z.Fərəcov bildirib ki, şura üzvləri şəhərdə həyata keçirilən quruculuq işlərində fəal iştirak edir, eyni zamanda, milli və mənəvi dəyərlərimizin qorunması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində mühüm işlər görürlər.
Sonda Ağsaqqallar Şurasının yeni tərkibi və sədri seçilib.