SUMQAYIT İLƏ ÇUNTSİN ARASINDA ƏMƏKDAŞLIQ HAQQINDA NİYYƏT PROTOKOLU İMZALANMIŞDIR
İqtisadi İnkişaf Nazirliyinin dəvəti ilə Azərbaycana gəlmiş Çinin Çuntsin və Szyantszin şəhərlərinin nümayəndə heyəti üç gün Sumqayıtda olmuşdur. Qonaqlar bir sıra sənaye müəssisələrinə - “Etilen-polietilen” zavoduna, “Azəralüminium” Səhmdar Cəmiyyətinin Sumqayıt sahəsinə, “Xovlu iplik” Səhmdar Cəmiyyətinə, Sumqayıt Dövlət Universitetinə, “Neftqazavtomat” Elm-İstehsalat Birliyinə getmişlər. Nümayəndə heyətinə, rəsmi şəxslərdən başqa, müxtəlif sahələrin mütəxəssisləri, iş adamları daxil idi.
Danışıqların gedişində Sumqayıt sahibkarları Çinin hər iki şəhərinin elektrik enerjisi korporasiyası, məhdud məsuliyyətli təşkilatlardan - “Lan Tyan” kənd təsərrüfatı firması, “Boda” tikinti korporasiyası, “Xexua” düyü peçenyesi istehsalı korporasiyası, “Lixua” ticarət firması haqqında geniş məlumat almış, eləcə də ölkənin qədim Çin təbabəti üzrə ən qabaqcıl tibb mərkəzinin fəaliyyəti ilə hərtərəfli tanış olmuşlar.
Məlumat mübadiləsi və ən işgüzar dialoq zamanı qarşılıqlı əməkdaşlığın konkret perspektivləri müəyyən edilmişdir.
Çin nümayəndə heyətinin başçısı Hou Sinçji AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, onlar Sumqayıta səfərin nəticələrindən razı qalmışlar. İmzalanmış sənəd qarşılıqlı surətdə münasibətlərin davam etdirilməsinə sübutdur. O, Sumqayıtda yeni istehsal sahələri yaratmaq niyyətində olduqlarını vurğulamışdır.