Sumqayıt rəsm qalereyasında Ulu Öndərə həsr olunan sərgi: “Vətənin qüdrətli şəxsiyyəti”
Sumqayıt, 5 may, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt Dövlət Rəsm Qalereyasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə Abşeron rayonu Novxanı Sənətkarlıq Klubunun birgə təşkilatçılığı ilə “Vətənin qüdrətli şəxsiyyəti” adlı sərgi açılıb.
AZƏRTAC xəbər verir ki, sərgidə Novxanı Sənətkarlıq Klubunun müəllimi Dildar Hüseynovanın və şagirdlərin müxtəlif üslub və texnikalarda işlənmiş rəngkarlıq nümunələrindən ibarət 75 əsər nümayiş olunur.
Sərginin açılışında Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəis müavini İlham Əhmədov, Azərbaycan Rəssamlar İttifaqının üzvü Akif Yarışov, Sumqayıt Dövlət Rəsm Qalereyasının direktoru Ellada Həsənova, Novxanı Sənətkarlıq Klubunun direktoru Səyyad Quliyeva və digərləri çıxış edərək, artıq ənənə şəkli alan bu kimi sərgilərin əhəmiyyətindən danışıblar. Bildirilib ki, sərginin təşkilində məqsəd gənc nəslin incəsənətə olan marağını daha da artırmaq, regionlar arasındakı istedadlı uşaq və gənclərin yaradıcılıq qabiliyyətini inkişaf etdirməkdir.
Sonra qonaqlar gənc rəssamları təbrik edib, onlara yaradıcılıq uğurları arzulayıblar.
Sərgi ilə tanışlıqdan sonra Novxanı Sənətkarlıq Klubunun “Xəzər ulduzları” rəqs qrupunun ifasında milli və dünya xalqlarının rəqsləri nümayiş olunub, Kamil Ağayevin ifasında bəstəkar mahnıları dinlənilib.