Sumqayıt sakinindən 20 kiloqram heroin götürülüb
Sumqayıt, 5 may, AZƏRTAC
Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin ölkə ərazisində yayılmasının qarşının alınması istiqamətində mübarizə tədbirləri uğurla davam etdirilir.
AZƏRTAC xəbər verir ki, nazirliyin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının Sumqayıt şəhərində keçirdikləri əməliyyat zamanı şəhər sakini Elşad Süleymanov da saxlanılıb. Onun yaşadığı evdən 20 kiloqrama yaxın heroin və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb. Saxlanılan şəxs külli miqdarda narkotik vasitəni tanışından - xarici ölkələrdən birinin vətəndaşından satmaq məqsədilə aldığını bildirib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və saxlanılan şəxs istintaqa cəlb olunub. Cinayət işləri üzrə zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.